Vurulan nazirləri niyə daha səfir göndərmirlər...

9-01-2018, 09:23           
Vurulan nazirləri niyə daha səfir göndərmirlər...
Sabiq məmurların maliyyə imkanları məhdudlaşdırılır

Bir neçə il əvvələdək Azərbaycanda maraqlı bir ənənə vardı: vəzifədən alınan nazirlər müxtəlif ölkələrə səfir göndərilirdi. İlk belə təyinat sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovla bağlı olmuşdu.

Daha sonra sabiq xarici işlər naziri Vilayət Quliyev, baş prokuror Eldar Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev də vəzifədən alındıqdan sonra səfir göndərilən məmurlardandır. Hazırda E.Həsənov Rumıniyada, Vilayət Quliyev isə Macarıstanda səfir kimi çalışmaqdadır.

Bir çox sabiq məmurlar isə Azərbaycanın özündə nisbətən aşağı ranqlı vəzifələrlə razılaşmalı olublar. Bakı Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev, sabiq maliyyə naziri Əvəz Ələkbərov, sabiq təhsil naziri Misir Mərdanov və digərləri...

Hesab olunurdu ki, bu təyinatlarda məqsəd vəzifədə olub hakimiyyət daxilində mövqe, həm də var-dövlət toplayan məmurları narazı salmamaq, bir növ könüllərini almaqdır. Bununla da onların topladıqları əllərində qalır, lakin siyasi fəaliyyət imkanları tamamən və yaxud qismən məhdudlaşdırılmış olurdu.

Maraqlıdır ki, son illərdə vəzifədən azad olunan yüksək ranqlı məmurların demək olar ki, heç birinə hər hansı digər post etibar edilmir. Onların arasında qalmaqallı cinayət işləri başladılan Eldar Mahmudov, Əli Abbasov da var, hazırda məhbəs həyatı yaşayan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də, rəhbərlik etdiyi nazirlik ləğv olunan Ziya Məmmədov da, sadəcə, postundan alınan Füzuli Ələkbərov da...


Xatırladaq ki, bu şəxslərin böyük əksəriyyətinin vəzifədən çıxarıldıqdan sonra topladıqları var-dövlət də əllərindən alınıb.

Məlum İsmayıllı hadisələrindən sonra gözdən salınaraq tədricən hakimiyyət daxilindəki mövqelərini itirən, daha sonra isə kreslosu ilə vidalaşmalı olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da var-dövlətinin əhəmiyyətli hissəsindən məhrum edildiyi deyilirdi. Lakin buna baxmayaraq, F.Ələkbərovun aktiv biznes fəaliyyətini davam etdirməsinə razılıq verilib.

Sabiqlərdən C.Hacıyev, E.Mahmudov və Ə.Abbasovla bağlı proseslər yalnız Azərbaycanda deyil, regionda səs-küyə səbəb olmuş cinayət işlərinin müşayiəti ilə baş verib. Bu proses həm də hər üç şəxsin vəzifədə olduqları dövrdə əldə etdikləri sərvətlərin miqyasının açıqlanması, eyni zamanda ölkə daxilindəki bütün maddi aktivlərinin əllərindən alınması ilə çulğalaşıb.


Vəzifədən çıxarıldıqdan sonra ən azı ölkə daxilindəki var-dövləti əlindən çıxarılan nazirlərdən biri də sabiq nəqliyyat naziri Z.Məmmədovdur. Onun ailə üzvlərinin əllərində cəmləşən böyüklü-kiçikli onlarla şirkətdən, bahalı mülklərdən əl çəkməli olduğu bildirilir. Hətta bir müddət öncə sabiq nazirin Bakı ətrafındakı villasının satışa çıxarılmasına dair məlumatlar da yayılıb. Bundan əlavə, Z.Məmmədovun adı beynəlxalq səviyyəli korrupsiya qalmaqallarında hallanmaqdadır.


Uzun illər boyu Prezident Administrasiyası Humanitar şöbəsinin müdiri olmuş Fatma Abdullazadə də kreslonu birdəfəlik itirənlərdən olub. Son zamanlar adı külli miqdarda borclanmada, korrupsiya və rüşvətdə hallandırılan xanım məmurun vəzifədə olarkən özünə çoxsaylı düşmənlər qazandığı məlumdur.

Ötən ilin dekabrında vergilər naziri vəzifəsindən çıxarılan Fazil Məmmədovu da vurulmuş məmurlardan biri hesab etmək mümkündür. Buna əsas verən amillərdən biri hələ F.Məmmədovun nazir olduğu zamandan topladığı sərvətin əlindən alınmasıdır. Belə ki, sabiq nazirə birbaşa bağlı olduğu deyilən böyük holdinqlər, şirkətlər o, hələ postda olduğu dövrdə əlindən çıxarılmışdı. Vəzifədən çıxarılandan sonra isə Prezident Administrasiyasının rəhbərinin dilindən vergi orqanlarının fəaliyyətinin kəskin tənqidi ilə F.Məmmədovun vurulması prosesi davam etdirildi. Daha sonra isə sabiq nazirin vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarlardan qeyri-qanuni topladığı 1 milyard dollar vəsaiti ölkədən gizli yollarla çıxardığına dair məlumatlar yayıldı.

Göründüyü kimi, hakimiyyət daxilində gözdən salınan, vurularaq vəzifəsindən kənarlaşdırılan məmurlara nəinki bir daha kreslo etibar edilmir, əksinə, onların maddi-maliyyə imkanları məhdudlaşdırılır. Bu isə vəzifədə olan digər məmurlar üçün ciddi siqnal olmalıdır.

TURQUT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.