"İftixar Piriyev öz verdiyi sənədə də saxta deyir" — MƏHKƏMƏDƏ DİREKTORA QALİB GƏLƏN AKTYORLA MÜSAHİBƏ

9-01-2018, 16:27           

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən işinə bərpa edilən İrəvan Dövlət Azərbaycan Teatrının aktyoru Əjdər Zeynalov "Ölkə.Az"-ın suallarını cavablandırıb.
- Əjdər müəllim, məhkəmənin sizin xeyrinizə qərar çıxaracağını gözləyirdinizmi? Yəni, qalib gəlmək ehtimalının olduğuna inamınız var idimi?
- Sözün doğrusu nəticənin xeyrimə olacağını gözləmirdim. Çünki məhkəmə prosesinin necə sonuclanacağını təxmin etmək çətindir. Sadəcə, ibadət etməsəm də, Allahha inanan insanam. Hər zaman demişəm ki, haqq-ədalət 99 faiz hallarda qalib gəlir. İftixar kimi direktor bəlkə də düşünür ki, imkanı, dostları var-əslində indi heç kim qalmayıb-o, məhkəməyə təsir göstərə bilər. Yalançı şahidlərlə, saxta təqdimatlarla kimisə işdən çıxarıb, evini yıxırsansa, həmin işlər sonda öz başına gələcək. İftixar Piriyev kimiləri elə düşünür ki, Azərbaycanın qanunları yoxdur, varsa da hamısı bunun lehinə işləyəcək, hər şeyi pulla ala, sata bilər. Ancaq üç ay davam edən məhkəmə prosesi göstərdi ki, Azərbaycan dövlətinin qanunları və o qanunların keşiyində duran Almaz Süleymanova kimi hakimlər var. O, bunları dərk etmirdi.
- Məhkəmənin həmin şahidlərin və sənədlərin qondarma olduğunu sübut etdiyini dediniz. Qərar açıqlanandan sonra İftixar Piriyevin şahidlərindən kimsə gəlib sizdən üzrxahlıq etdimi?
- Onun tərəfini saxlayan insanlarla üzləşməmişəm. Ancaq onun məcbur edib qol çəkdirdiyi insanlara görüşmüşük, söhbət etmişik. Hamısı üzr istəyərək etiraf ediblər ki, bizi imza atmağa məcbur etdi. Onları başa düşürəm və heç birindən incimirəm. Sənətləri bir şey olmasa da, səs-küy salan bəzi aktyorlar oldu ki, onları da qınamıram. Bilirdilər ki, direktorun tərəfini saxladıqlarına görə bunlar üçün hər bir şərait yaradılacaq, istədikləri vaxt işə gəlib gedəcəklər. Hətta eşitdiyimə görə bəzilərinə ikinci maaş da verib. Təəssüf ki, onun tərəfini tutmayan insanları saat altıya kimi məcburən işdən saxlayır. Halbuki heç yerdə belə qanunlar yoxdur. Özündən İftixar qanunları kəşf edir. Etdiyi haqsızlıqları, qeyri-qanunilikləri də nazirliyin adıyla bağlayır. Yaradıcı insanları şüurlu surətdə yuxarı instansiyaların əleyhinə qaldırır.
- Adətən yeniliklər əvvəlcə müsbət qarşılanmır. Ola bilərmi ki, zaman sizin şərti olaraq "İftixar qanunları" adlandırdığınız qaydaların yararlı olduğunu göstərəcək?
- Bu, mümkün deyil. Biz demokratik dövlətdə yaşayırıq. O qanunlar İftixar Piriyevdən çox savadlı peşəkar hüquqşünaslar tərəfindən hazırlanıb. Sonra nazirliklər ümumi qaydalardan çıxış edərək, tabeçiliklərində olan strukturların daxili nizam-intizam qaydalarını hazırlayırlar. Hər bir teatr da nazirliyin hazırladığı nizam-intizam qaydalarından çıxış edərək, daxili nizam-intizam qaydalarını yazır. Yəni, sən dövlətin əleyhinə gedə bilməzsən. Orada yazılıbsa ki aktyorun iş rejimi tənzimlənməmiş iş rejimidir, sən necə başqa tələblər irəli sürə bilərsən? Bu adam deyir ki, səhər saat ondan axşam altıya qədər işdə olmalıyam. Belə çıxır ki, axşam yeddidə başlayan tamaşalarda iştirak etməməli, xarici qastrollara getməməliyik. Yaradıcı insan yeri gələndə tədbirlərə, lazım olanda çəkilişlərə getməlidir. Əsas teatrın iş prosesidir. Məşqim qurtarıbsa, axşama qədər teatrda niyə oturmalıyam. Onsuz da teatrın binası qəzalı vəziyyətdədir, şəraitsizlikdir, soyuqdur, oturmağa yer yoxdur.
- Bildiyimə görə məhkəməyə saxta sənəd təqdim edilmişdi. İstərdim bu barədə danışasınız.
- Onun təqdim etdiyi əmrdən tutmuş, digər sənədlərə qədər hamısı saxta idi.
- Söhbət konkret hansı sənəddən gedir?
- Vəkilim Adəm Orucova təşəkkürümü bildirirəm ki, bu işdə çox əziyyət çəkdi. Mədəniyyət İşçilərinin Həmkarlar Komitəsinə sorğu göndərib araşdırdı ki, teatrda həmkarlar təşkilatının büro üzvlərinin sayı neçədir. O sorğu nəticəsində həmkarlar təşkilatımızın sədrinin kim olması və nə vaxt seçilməsi də aydınlaşdı. Məlum oldu ki, 2 oktyabr 2017-ci il tarixində mənə həm şiddətli töhmət verilib, həm də işdən çıxarılmışam. Ancaq əvvəlcə həmkarlar təşkilatının iclası keçirilməli, səhvlərim müzakirə olunmalıdır. Ümumiyyətlə, həmkarlar təşkilatının əsas vəzifələrindən biri də işçini müdafiə etməkdir. Komediyaya baxın ki mən işdən çıxarılandan sonra bu beş nəfər yığışıb iclar keçirib və guya işdən çıxarılmağım barədə rəy veriblər. Vəkilimin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 2-də iclasa sədrlik edən şəxs nə büro üzvü, nə də sədr deyil. Axı mənim iştirakım olmadan necə iclas keçirilə bilər? Növbəti prosesə qarşı tərəf bir sənəd gətirdi. Guya zəng vurub iclasa çağırıblar, gəlməmişəm. Halbuki belə şey olmayıb. Vəkilim bütün bu saxtakarlıqları onlara sübut elədi. Digər bir nöqssan bundan ibarətdir ki, həmkarlar təşkilatının iclası ayrıca keçirilməlidir. Amma bunlar iclası direktorun kabinetində onun iştirakıyla keçiriblər. Vəkilim bu faktları ona sübut edəndə İftixar Piriyev və yanındakılar gecəylə yeni protokol hazırlayıblar. Vəkil sübutları təqdim edəndə direktor deyib ki, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının sənədi saxtadır. Təsəvvür edin ki, bu adam öz göndərdiyi sənədə saxta deyir. Bundan nə gözləmək olar? Gülüncdür...
- Yəqin ki, işləmədiyiniz 3 ayın da məvacibini alacaqsınız.
- Vəkilimin dediyinə görə, işləmədiyim ayların da məvacibi ödəniləcək. Çünki haqsız olaraq işdən çıxarılmışam.
- Yəqin ki, otuz ilə yaxın teatrda çalışmış insanın üç ay teatrsız qalması asan deyildi...
- Məni teatra bağlı olan insanlar başa düşər. Bir insanı məhv etmək istəyirsənsə, onu işdən uzaqlaşdır. Söhbət yaradıcı insandan gedir. Şükürlər olsun ki, özümdə güc tapdım, dözdüm. Üç ay mənə üç ildən də ağır gəldi. Əziyyət çəkirdim, fikir edirdim. Düşünün ki, otuz il çalışdığınız teatrdan bir günün içində qondarma sənədlərlə, şər-böhtanla çıxarılırsınız.
- Bu üç ayda kimləri, hansı həmkarlarınızın dəstəyini hiss etdiniz?
- Həmkarlarımdan dəstək olanlar çox idi. Yaradıcı insanlar mənə mənəvi dəstək olurdular.
- Yanılmıramsa sizin teatrın tarixində bu ilk hadisədir ki, aktyor direktoru məhkəməyə veri və qalib gəlir.
- Bu haqda düşünməmişdim. Amma məncə elədir. Bu adam düşünür ki, hardan pul qopara bilər. Repertuarı da elə qurur ki, o repertuardan pul qazansın. Direktor kimi onu başa düşürəm. Ancaq bu yaradıcılıq deyil axı.
- Məhkəmədən sonra direktorla üz-üzə gəlmisiniz?
- Xeyr. Üz-üzə gəlsək də, Allahın salamını verib, keçəcəm. Onun necə reaksiya verəcəyini bilmirəm. Ötən ilin sentyabrında teatrımızda iki günlük yoxlama aparıldı və böyük nöqsanlar aşkar edildi, buna görə direktora töhmət elan edildi. Dəhlizdə direktora salam verdim, salamımı almadı.
- Əməkdar artist Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrına baş rejissor təyin edilib. Gözləntiləriniz nələrdən ibarətdir?
- Sərvər Əliyev çox yaxşı aktyor olub, yaxşı insan və yaxşı rejissordur. Çünki Sərvər Əliyev Hüseynağa Atakişiyevin məktəbini keçib, uzun illər onun yanında həm rejissor, həm də aktyor kimi işləyib. Mingəçevir teatrında dəfələrlə tamaşalar hazırlayıb, Ağdam teatrında baş rejissor işləyib, orada gözəl işlər gördü. İnanıram ki, əgər İftixar imkan versə, Sərvər Əliyev bizdə çox böyük işlər görəcək. Çünki İftixar Piriyev həmişə repertuara, yaradıcı prosesə müdaxilə edir. Hələ ki Sərvər Əliyev də gözləmə mövqeyindədir ki, bu nə vaxt düz yola qayıdacaq, imkan verəcək ki yaradıcılıq prosesi öz axarına düşsün.
- Ancaq bildiyimə görə direktorla baş rejissor arasında ilkin anlaşılmazlıq cücərtiləri var...
- Bu haqda eşitməmişəm. Sərvər Əliyev yaradıcı insandır. Əgər konflikt varsa da, bilirsiniz nə səbəbdən ola bilər?
- Maraqlıdır...
- Məsələn, baş rejissor saat on birə məşq təyin edir, amma aktyor həmin vaxt gəlmir. Səbəb də bu olur ki, həmin aktyor direktorun adamıdır.
- Bir az öncə bildirdiniz ki, aktyora sərbəstlik verilməlidir. Amma indi dedikləriniz sanki baş rejissorun tərəfini tutmaq kimi səsləndi.
- Teatrda əsas yaradıcı qrup aktyorlardı. Demək istədiyim budur ki, direktor özünə yaxın aktyora gəzmək, balıq tutmağa getmək üçün icazə verir, digərlərinin vacib işi olsa da, icazə vermir. İcazə ala bilmək üçün direktorun tərəfini saxlamalısan.
- Bildiyimə görə hazırda iki filmə çəkilirsiniz.
- Samir Qulamovun filminə çəkilirəm, yekunlaşmaq üzrədir. Kinoteatr üçün nəzərdə tutulub. Ssenarisini İzzət Bağırov yazıb. Əsas rollardan birində də İzzət Bağırov oynayır. Çəkilişlər Bakıda olub. Yeri gəlmişkən, Samir Qulamovun "Mən klounam" filmində də çəkilmişəm. Yanvarın 16-da filmin təqdimatı olacaq. Deyim ki, fərqli film alınıb. Həmçinin gənc rejissor Raminin Kann festivalı üçün çəkdiyi qısametrajlı filmə çəkilmişəm.
- Sizcə niyə son vaxtlar mədəniyyət ocağı adlandırdığımız qurumlar, o cümlədən teatrlarımız daha çox qalmaqallarla gündəmə gəlir? Aktyor aktyorla, aktyor direktorla, direktor rejissorla yola getmir. Nə baş verir?
- Teatrda yaradıcı mübahisə ola bilər. Bir var belə, bir də var sənə qarşı böhtan atırlar. Ən pisi odur ki, direktor aktyorları bir-birinə qarşı qoyur, düşmən edir. Teatrda elə insanlar var ki, qastrollarda olmuşuq, yeyib-içmişik, amma, indi həmin adam mənim əleyhimə çıxır. Özündən soruşuram ki, mənə qarşı qərəzin var? Deyir, yox. Çünki direktor qızışdırıb salıb ortalığa. Hətta bu yaxınlarda teatrın rekvizitçisi mənim əleyhimə sosial şəbəkədə status yazmışdı. Deyir ki, yaxşı maaş alırdıq, Əjdər ortalığı qarışdırdı, indi 130 manat maaşla dolana bilmirəm. Yəqin ki, direktor ona 2-3 maaş verirmiş. Mənim nə günahım var? Mən əməkhaqqı verənəm?
- Son olaraq soruşum ki, teatra qayıtmaq, intriqa yaşadığınız insanlarla çalışmaq çətin olmayacaq ki?
- Çətin olmayacaq. Çünki gedib yaradıcılıqla, rollarımla, tamaşayla məşğul olacağam. Onların nə işlə məşğul olacağını deyə bilmərəm. Onlar utansın ki, mənim arxamca bu qədər lazımsız söhbətlər ediblər, əleyhimə olan yalançı, saxta, böhtan dolu sənədlərə qol çəkiblər. Əksinə, başımı yuxarı tutub gəzəcəyəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.