Novella Cəfəroğlu: “Seçkiyə qədər əksər siyasi məhbuslar azadlığa çıxacaq”

8-02-2018, 09:32           
Novella Cəfəroğlu: “Seçkiyə qədər əksər siyasi məhbuslar azadlığa çıxacaq”
“Həm əfv fərmanı veriləcək, həm də amnistiya”

Prezident seçkilərinin nəzərdə tutulduğu vaxtdan öncəyə təyin edilməsi siyasi məhbus və əfv mövzusunu da gündəmə gətirdi. Məlumdur ki, beynəlxalq təşkilatlar və yerli ictimai qurumlar tərəfindən tələblər, tövsiyələr səslənir. Bundan başqa, seçki kampaniyası başlayanda bu istiqamətdə bir qədər yumşalma özünü göstərir.

Mart ayına kimi əfv verilməsi gözlənilirmi? Əfv Komissiyasının növbədənkənar iclasları keçirilirmi?

Yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası bir neçə dəfə keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılıb. Yanvar ayında da mətbuatda mütəmadi məlumatlar yayılırdı ki, iclasların keçirilməsi Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması ilə bağlıdır. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub. Komissiya isə bu müraciətlərin hər birini təhlil edib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda növbəti əfv sərəncamının imzalanması ilə yanaşı, böyük amnistiya aktının verilməsi gözlənilir. Onun dediyinə görə, növbəti əfv sərəncamı və amnistiya aktı ilə daha çox məhbus azadlığa çıxacaq: “Əksər siyasi məhbuslar da azadlığa çıxacaq. Çünki bu il üçün ən mühüm məsələ budur. Əfv və amnistiya Novruz bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsi üçün əlamətdar olacaq”.

N.Cəfəroğlu dedi ki, hazırda Əfv Komissiyasının iclasları gedir. Müsahibimizin fikrincə, bütün tanınmış siyasi məhbuslar da əfv fərmanı və amnistiya sayəsində azadlıqlarına qovuşacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.