İqtidar köhnə qvardiya ilə yollarını ayırır....

8-02-2018, 10:32           
İqtidar köhnə qvardiya ilə yollarını ayırır....
11 Apreldən sonrakı dövrə tədarük görür
Aprelin 11-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi dövlət idarəetmə sistemində bir sıra köklü dəyişikliklərə gətirib çıxara bilər. Aparılan təhlillər və əldə olunan məlumatlar gözlənilən dəyişikliklərin yalnız icra hakimiyyəti deyil, həm də ali qanunverici orqandan da yan keçməyəcəyini deməyə əsas verir. Yəni Azərbaycanda xeyli müddətdir gözlənilən struktur islahatları ilə paralel siyasi yeniliklərə də start verilə bilər. Hətta bəzi siyasi müşahidəçilər hesab edir ki, seçkilərin vaxtının dəyişdirilməsini zəruri edən əsas səbəblərdən biri də hökumət daxilində maraqları toqquşan qüvvələrin neytrallaşdırılmasına hesablanıb.

Son vaxtlar hakimiyyətin yuxarı eşalonunda yüksək post tutan oliqarx-məmurların istefaya göndərilməsi halları artmağa başlayıb. Yaxın aylarda bir sıra başqa vəzifəli şəxslərin də “vurulacağı” gözlənilir. Bir sıra hökumət rəsmiləri hələlik mövqelərini qorumağa nail olsalar da, əllərindəki biznes şəbəkəsini itirmək üzrədirlər. Həmin kadrların struktur islahatları çərçivəsində istefaya göndəriləcəyi bildirilsə də, seçkilərin vaxtının qabağa çəkilməsi bu prosesi sürətləndirən yeni mərhələ açmış oldu. Hakim komanda daxilində başlanmış vəzifə dəyişikliklərinin prezident seçkilərindən sonra daha sürətlə həyata keçirilərək yekunlaşacağı gözlənilir. Yəni, bir sıra nazirlər, komitə rəhbərləri oktyabr -noyabr aylarına öz postlarını qoruyub saxlaya biləcəklərinə ümid edirdi. Lakin seçkilərin vaxtının gözlənilməz şəkildə aprelə çəkilməsi bəzi məmurları çətin duruma salıb. Aprel ayında keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi qalib gələrsə, qarşıdakı iki ay ərzində “köhnə qvardiya”nın sıradan çıxması daha sürətli hal alacaq. Hökumətdə 1990-cı illərdə idarəetmə sisteminə gətirilmiş “köhnə qvardiya” təmsilçiləri müxtəlif vəzifələrə təyinat alan cavan və savadlı kadrlarla əvəz ediləcək. May və iyun aylarında formalaşacaq yeni hökumətin tərkibində yəqin ki, 20 ildən artıqdır rəhbər vəzifə tutan yüksək çinli məmurlar olmayacaq. Onların öz kürsüsü ilə vidalaşacağına dair məlumatlar var. Bir qismi struktur islahatları çərçivəsində vəzifəsini itirəcək, bəziləri daha gənc və texnokrat kadrlarla əvəzlənəcək, bir qismi isə təqaüdə yola salınacaq.

Bəzi məlumatlara görə, yeni komandada baş nazir Artur Rasizadə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Mustafayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və başqaları yer almayacağı deyilir. Baş nazirin müavinlərinin də sayının azaldılacağı ehtimal edilir. Qeyd edək ki, hazırda baş nazirin 6 müavini var. Ekspertlər isə həmin ştatların ikiyə endirilməsini təklif edir. Bu səbəbdən, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, eləcə də baş nazirin digər müavini Abid Şərifovun, digər müavin İsmət Abbasovun təqaüdə göndəriləcəyi haqda xəbərlər var. Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Gömrük Komitəsinin fiskal funksiyasının Vergilər Nazirliyinin səlahiyyətinə daxil ediləcəyi deyilir. Digər ehtimallara görə, Vergilər Nazirliyi və DGK Maliyyə Nazirliyinin tərkibinə veriləcək. Dövlət Gömrük Komitəsinin struktur islahatları çərçivəsində ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi də gözlənilir.

Azərbaycanda iqtisadi və siyasi islahatların həyata keçirilməsi təklifini mütəxəssislər hələ 2015-ci ilin dekabr ayında baş vermiş ikinci devalvasiyadan sonra qaldırmışdılar. Lakin hökumət iqtisadi islahatlar paketinin tərkib hissəsi kimi bəzi addımlar atsa da, ciddi siyasi islahatlara getmədi. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların statusu dəyişdirilərək publik hüquqi şəxsə çevrildi. Ancaq siyasi islahatlar reallaşmadığından eyni prosesi iqtisadi sahədə axıra qədər davam etdirmək mümkün olmadı. Bu baxımdan, seçkilərdən sonra siyasi islahatların baş verməsi liberal iqtisadi dəyişikliklərin həyata keçməsinə şərait yarada bilər. Digər məlumatlara görə, prezident seçkilərindən sonra ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi istisna olunmur. Millli Məclisə 2020-ci ildə keçirilməli olan seçkilərin vaxtı dəyişdirilə bilər. Xatırladaq ki, bu barədə təkliflər hələ 2015-ci ilin parlament seçkilərindən sonra gündəmə gəlmişdi. Ali qanunverici orqana tam və və ya 80-90 faiz demokratik əsaslarla növbədənkənar seçkilərin keçirilməsi məsələsi yenidən aktuallaşıb. Əgər sözügedən təklif reallaşarsa, real müxalifət parlamentdə təmsil olunmaq imkanı qazana bilər ki, bu da ölkədə siyasi balansın təmin olunması deməkdir.
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.