Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: - Adam oğruluğuna görə bitkoin alır

8-02-2018, 10:35           
Ukrayna polisinin başağrısına çevrilən “Lotu Quli”: - Adam oğruluğuna görə bitkoin alır
Ukrayna Milli Polisi “Lotu Quli” ləqəbli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr üzərində artan nüfuzundan narahatdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün Facebook səhifəsində yazıb ki, "qanuni oğru"nun hərəkətləri cəmiyyətin həyatına təsir edir.

Onun sözlərinə görə, 25 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və buna paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.

"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" – deyə Abroskin yazıb.

Polis qeyd edib ki, Səlifov MDB ölkələrinin bütün göyərti bazarlarını işğal etməyə cəhd göstərir. İlk baxışdan bu, xırda görünür, amma bunun arxasında böyük pullar dayanır. Səlifov göyərti bazarını ələ keçirmək üçün qətl törətməkdə şübhəli bilinir.

Bununla yanaşı, polisin verdiyi məlumata görə, “Lotu Quli” Ukraynadan Türkiyəyə kriminal elementlərin axınını təşkil edir. Abroskin söz verib ki, kriminal avtoritetlərin ayağının Ukrayna torpaqlarına dəyməməsi üçün əlindən gələni edəcək.

Fevralın 7-də Abroskin “Realist” nəşrinə müsahibə verib və bildirib ki, bu il bir sıra "qanuni oğru" sfarişli qətllər törətməyə və adam oğruluğuna görə saxlanacaq.

Hazırda Ukraynada mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsini əvəz edəcək mütəşəkkil cinayətkarlıqla mübarizə dəstələrinin yaradılması üzərində iş gedir. Abroskin bildirib ki, əsas problemləri kriminal avtoritetlərin günahlandırılması üçün dəlillər bazasının zəif olmasıdır. Bunun üçün cinayətkar şəbəkənin üzvləri idarənin əməkdaşlarına tanıdılacaq və onlar gizli iş aparacaqlar.

Onun sözlərinə görə, hazırda ABŞ və Avropadan olan həmkarları ilə paralel iş aparırlar. Nəticədə sözügedən Ukrayna "qanuni oğrular"ı onların da qara siyahısına salınır. İndi "qanuni oğrular" Yunanıstan, Avstriya, Çexiyadakı bahalı villalarına gedə bilmirlər. Çünki onlara Avropaya giriş qadağandır.

Bununla belə, Abroskin Səlifovu ən qəddar cinayətkarlardan biri kimi xarakterizə edib. Polisdə olan informasiyaya görə, girovların azad edilməsi üçün adam oğruları 1 milyon dollar və ondan daha çox pul tələb edirlər. Lakin hələlik Ukraynada heç kəs açıq-aşkar Səlifova qarşı çıxmaq barədə düşünmür.

Qeyd edək ki, "qanuni oğru"lar müntəzəm olaraq Ukrayna ərazisinə daxil olurlar və onlar əsasən Şimali Qafqaz və Zaqafqaziyadan olan kriminallardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.