Erməni ekspert: “İlham Əliyev Qarabağ məsələsində qalib olaraq tarixə düşəcək”
9-02-2018, 00:25
Ermənistan Azərbaycanda keçiriləcək seçkidən qorxuya düşüb: “Bu, təkcə Serj Sərkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək”
“Avropada Azərbaycanın enerji resursları ixrac edən ölkə kimi nə qədər vacib dövlət olduğunu daha tez-tez ucadan deyirlər”
Rusiya və Azərbaycanda keçiriləcək prezident seçkiləri Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Ermənistanın özündə də mart ayında seçki olacaq. Amma ermənilərin diqqəti öz ölkələrində yox, Moskva və Bakıdadır. İrəvanlı analitiklər mart-aprel seçki dövrü başa çatandan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılacağından ehtiyatlanırlar. Onların ehtiyatlanmasının səbəbi işğal etdikləri torpaqların azad edilməsi məsələsidir. Onlar ehtiyat edirlər ki, Rusiyanın da dəstək verdiyi Azərbaycan apreldən sonra işğal altında olan torpaqlarını azad edəcək. Erməni ekspert Qraçya Qalustyanın “ArmenianReport” saytında yer alan məqaləsi də həmin qorxunun təzahürüdür.
“Azərbaycanın qlobal iqtisadi problem yoxdur”
Qalustyan hesab edir ki, Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi fəaliyyətə başlayacaq və Moskva bu proseslərdə Bakını dəstəkləyəcək. Erməni ekspert aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı narahatlığını bildirərək qeyd edib ki, prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi, iqtisadi məsələlərdən irəli gəlmir: “Açıq şəkildə qılınc oynadan Azərbaycanın planlarının baş tutmaması üçün görünməz və həlli mümkünsüz olan iqtisadi problemlər yaranmasına inanmaq istəyərdik. Amma əfsus ki, reallıq tam fərqlidir. Bizim etiraf edib-etməməyimizdən asılı olmayaraq, fakt odur ki, Azərbaycanın qlobal iqtisadi problemi yoxdur. Üstəlik, qeyd etməliyik ki, Azərbaycanın iqtisadi artımla bağlı ciddi perspektivi var.
“Özümüzə bir çox şeyi aydınlaşdırmaq üçün İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi yüksək səviyyəli görüşləri xatırlamaq yetərlidir. Əliyevin Vladimir Putinlə olduqca çox isti münasibətləri var. Rusiya telekanallarında bir dəfə də olsun Azərbaycana münasibətdə tənqid səslənmir. Ermənistan isə tez-tez hücumlar və təhqirlərə məruz qalır”
Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir. Amma yekunda biz eşidirik ki, Tehran, Bakı və Moskva arasında üçtərəfli görüş keçirilib və orada Astara ilə Moskva arasında dəmir yolu ilə sərnişin daşınma xəttinin istifadəyə verilməsi müzakirə edilib. Bu haqda “Farsnews” İran Dəmir Yolları İdarəsinin beynəlxalq məsələlər üzrə baş direktoru Abbas Nəzəriyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, “Astara-Moskva” sərnişin qatarının işə salınması ilə bağlı İran, Azərbaycan və Rusiya arasında üçtərəfli və ikitərəfli danışıqlar aparılıb. Bundan başqa, mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (İran)-Astara (Azərbaycan) arasında körpünün istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək, Astara-Rəşt dəmir yolu xəttinin təməli qoyulacaq”.
“Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”
Ekspert yazır ki, İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir: “Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək. Azərbaycan İrana yarım milyard dollar kredit verir. Bu səbəbdən Azərbaycanda iqtisadi problemlərin olması ilə bağlı fikirlər səsləndirmək əsassızdır. Biz inanmaq istəməsək də, heç rəsmi Bakıya real siyasi təzyiq də yoxdur. Əksinə, Avropada Azərbaycanın enerji resursları ixrac edən ölkə kimi nə qədər vacib dövlət olduğunu daha tez-tez ucadan deyirlər. Özümüzə bir çox şeyi aydınlaşdırmaq üçün İlham Əliyevin Davos İqtisadi Forumunda keçirdiyi görüşlərin səviyyəsini xatırlamaq yetərlidir. Bununla yanaşı, İlham Əliyevin Vladimir Putinlə olduqca çox isti münasibətləri var. Rusiya və Azərbaycanın neft-qaz bazarında rəqib olduğunu nəzərə alsaq, bu, çox paradoksaldır. Şübhə edənlərə xatırlamağı təklif edirəm - Rusiya telekanallarında bir dəfə də olsun, Azərbaycana münasibətdə tənqid səslənmir. Ermənistan isə tez-tez hücum və təhqirlərə məruz qalır. Üstəgəl, Kremlin əsas ruporu olan Solovyovun Bakı səfərini, eləcə də Ermənistan tərəfdən ərazi güzəşti olmasının zəruri olduğunu müntəzəm şəkildə bəyan edən Proxanov və Duqinin mövqeyini xatırlamaq lazımdır. Bütün bunlar Kremlin Serj Sərkisyandan tam açıq narazılığı fonunda baş verir. Həqiqətən də, aprelin 9-da Serj Sərkisyanın prezidentlik müddəti başa çatır. Əgər Azərbaycanda seçkilər payıza təyin olunsaydı, onda danışıqlarda bütün ili əhatə edən fasilə yaranacaqdı. Bu nəyi göstərir? Azərbaycan fasilə yaranmasına imkan vermək fikrində deyil. Seçkinin vaxtının dəyişməsi də məhz buna hesablanıb”. Q.Qalustyan vurğulayıb ki, Rusiyadakı seçkidən dərhal sonra Azərbaycan Qarabağın azad olunması prosesinə başlayacaq: “Kremlin siyasi dəstəyi nəticəsində erməni ordusu heç nə edə bilməyəcək. Bu, təkcə Serj Sərkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. Prezident İlham Əliyev isə qalib olaraq tarixə düşəcək”.
/palitranews.az