Bu gün Xızır Nəbi bayramıdır- Mifoloji varlıq haqqında bilmədiklərimiz

9-02-2018, 09:31           
Bu gün Xızır Nəbi bayramıdır- Mifoloji varlıq haqqında bilmədiklərimiz
Azərbaycanın qədim mifoloji dünyagörüşündə tez-tez xatırlanan günlərdən biri də Xızır Nəbi bayramıdır. Birbaşa təbiətlə bağlı olan və milli özünüdərk sistemində, mifoloji təfəkkürdə yaşayan Xızır Nəbi düşüncəsinin tarixi lap qədimlərə gedib çıxır.

Xızır – əslən əl-Hadır (bütün qaynaqlarda bu ad deyil) ləqəb olaraq dəyərləndirilmişdir. Bəzi qaynaqlarda əl Hadr, əlHidr şəklində görünsə də, doğrusunun əl-Hadır olduğu qəbul
edilir. Bu kəlmə türklərdə Hızır, nadir hallarda Hidır, Orta Asiyada (qırğız türkləri) Kıdır (“Xıdır ata” da deyilir) iranlılarda Khezz, Azərbaycanda Xızır şəklində istifadə edilir.

Moderator.az xəbər verir ki, araşdırmaçı alim, dosent Zaur Əliyev Xızır ismi və onun türk təfəkküründə necə yer alması ilə bağlı bir neçə maraqlı məqamları qeyd edib:

“Azərbaycan folklorşünasları Xızır isminin türkcə “xız” və “ır” sözlərinin birləşməsindən yarandığını ehtimal edir. Əski türkcədə “kız”, sonralar “qız” kimi də səslənən “xız” sözü “od, istilik”, “ır” isə “ər” anlamında işlənmişdir. Xızır peyğəmbərin yazın gəlişi ilə əlaqələndirilməsi də məhz türk xalqlarının bu inancı ilə bağlıdır. Ərəblərin və türk xalqlarının Xıdır və Xızır haqqında əfsanələri tarixin hansısa qatında isə, görünür, toqquşmuş, qismən çarpazlaşmış, baş qəhrəmanın adı Xızır-İlyas, Xıdır-İlyas şəklinə düşmüş, qismən də birləşərək paralel yaşayıb. Xıdır deyəndə bir, Xızır deyəndə isə başqa mifoloji təsəvvürlər toplusu nəzərdə tutulub. Hər halda, Xıdır adını “köməyə çatan” kimi başa düşmək lazımdır”.

Xızırın genetik-tipoloji aspektdə öyrənilməsinə gəldikdə isə bu sahədə müxtəlif fikirlər var. Onu ancaq ərəb mifologiyasının məhsulu kimi qəbul edənlər belə zənn edirlər ki, bu sözün hərfi mənası hər şeyi aydınlaşdırır. Ərəb mənşəli Xıdır, yaxud Əlxıdır “yaşıl, yaşıllıq” mənasını verir. Məcazi mənada “dada yetişən, köməyə gələn”dir. Ərəb mifologiyasında yaşıl don geyinmiş peyğəmbər, fəlakətə uğrayanların dadına çatandır:

“Xıdır və Xızır çox vaxt bir-birindən fərqlənmir. Lakin Xızır türkdilli xalqların, o cümlədən azərbaycan mifologiyası ilə əlaqədardır. Professor Mirəli Seyidov da öz tədqiqatlarında bildirir ki, türk xalqları təfəkkürünün məhsulu olan Xızır hələ qam-şaman və bəlkə də ondan əvvəlki dünyagörüşləri və inamları ilə bağlıdır.
Dədə Qorqud dastanında da Xızır obrazı özünəməxsus çalarlarla təsvir olunur. Ölümcül halda olan Buğaçın yarasına sığal çəkərək onu həyata qaytaran Xızırın təsviri və məslə hətlərində qədim türk mifoloji inamları təcəssüm olunur.
Boz rəngli at, peyda və qeyb olma, ana südü, dağ və onun bitirdiyi çiçəyin qüvvəsinə tapınma Xızırla bağlı təsvir olunub/
Deyilənə görə Beşbarmaq piri Xızırın əsas yaşadığı yerlərdən biridir. Əsrlərboyu qayalar arasında yerləşən bu pirə “Xıdırzində” (“Ölməz Xıdır”) deyirlər. Buranın Musa və Xızır peyğəmbərlərin qayası olduğuna inanırlar. IX əsr ərəb müəlliflərindən Ibn Xordadbehin yazdığına görə, Xızır Peyğəmbər bu qayada Musa peyğəmbər ilə görüşüb. Musa peyğəmbərlə görüşü zamanı bu sözləri tarixə düşüb:
Ey Musa, mənim yanımda qalmaq üçün sənin səbrin kifayət etməz. Allah mənə batini elmi öyrətmişdir, sən isə mən bilənlərdən agah deyilsən. Sənə isə zahiri elmləri öyrətmişdir və onları isə mən bilmirəm. Mən sənin elminə zidd hərəkət etsəm sən mənə qarşı çıxacaqsan.( əl-Kəhf surəsi (18), 60-82.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.