Prezidentliyə namizədlər üçün pulsuz efir – şərtlər necədir

10-02-2018, 09:30           
Prezidentliyə namizədlər üçün pulsuz efir – şərtlər necədir
“Seçki qanunvericiliyi yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur” - ekspert

Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək. Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i saat 18.00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən, Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması üçün ərizələr MSK-ya seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya təqdim edilməlidir. Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər. Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-ə qədər davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Bu proses də martın 19-da başlaycaq, aprelin 10-u saat 8.00-da dayandırılacaq.

Seçki Məcəlləsi prezident seçkisində MSK tərəfindən rəsmi qeydə alınmış namizədlərə İctimai Televiziya və Radioda ödənizşsiz efir vaxtı ayrılmasını nəzərdə tutur. Ən son keçirilən prezident seçkisində (2013-cü il 9 oktyabr) İctimai Televiziya və Radio Yayımları Şirkəti namizədlərə ödənişsiz efir vaxtı ayırmışdı.

Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtının verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.

Ayrılan vaxt namizədlər arasında bərabər bölünür. Ona görə də namizədlərin sayı artdıqca onlara ayrılan vaxt da azalır. Növbədənkənar prezident seçkisində qeydə alınmış namizədlərin sayı bəlli olduqdan sonra hər namizəd üçün həftədə neçə dəqiqə ödənişsiz efir vaxtının müəyyənləşdiyi dəqiqləşəcək.

Hazırda namizədliyə 10 iddiaçı var. İddiaçıların sayı artmaqdadır. Lakin qeydə alınacaq namizədlərin sayının heç də bu gün üçün iddiaçıların sayı qədər olmayacağı bəllidir. Çünki onların sırasında qeydiyyata alınmaq üçün tələb olunan 40 min seçici imzasını toplaya bilməyənlərin, seçkinin hansısa mərhələsində prosesdən geri çəkilənlərin, başqa namizədə güzəştə gedənlərin olacağı istisna deyil.

Namizədlərin İTV-dən kənar digər media orqanları və sosial şəbəkədə təbliğat imkanlarına gəlincə, MSK-nın sədri Məzahir Pənahov bildirib ki, seçki zamanı təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır. O qeyd edib ki, sosial şəbəkələr MSK üçün pis vəziyyət yarada bilər, bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. M.Pənahov beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətləşib social şəbəkələrin seçki prosesində fəaliyyəti ilə bağlı müvafiq addımlar atılacağını və monitorinq aparılmalı olduğunu bildirib.


“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, sosial şəbəkələrin, İnternetin məhdudlaşdırılması seçki qanunvericiliyində nəzərdə tutulmayıb. İnternet media resurslarının bloklanması ötən il qəbul edilən “İnformasiya, informasiyalaşma və informasiyanın mühafizəsi ” haqqında qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub: “Fikrimizcə, tam əksinə olmalıdır. Hazırda ölkədə təbliğat-təşviqatın daha effektiv qurulması, ictimai müzakirələr, geniş auditoriyaya əlçatımlıq üçün ən ucuz vasitə elə sosial mediadır. Bu baxımdan seçkilərin demokratik keçirilməsini təmin etmək üçün hökumət maraqlı olmalıdır ki, namizədlər sosial mediadan effektiv və qanunlara uyğun olaraq istifadə etsinlər.

Əgər kimsə sui-istifadə edəcəksə, təhqir-böhtanlar olacaqsa əlbəttə, o, məsuliyyət daşıyacaq. Bu tip hüquq pozmaları ilə bağlı presedentlər də bizdə kifayət qədər olub. Buna görə facebook və ya hansısa digər sosial media vasitəsini ölkə ərazisində tamam olaraq qapamağa ehtiyac yoxdur.

Ümumiyyətlə qeyd edim ki, indiyədək olan siyasi proseslər zamanı heç bir halda sosial media ölkə ərazisində qapadılmayıb. Yalnız ötən illərdə bəzi sosial media vasitələrində video bağlantılara məhdudiyyətlər qoyulmuşdu.

Bir daha qeyd etmək istərdik ki, ölkədə “KİV haqqında qanun”a görə internet, o cümlədən də sosial media kütləvi informasiya vasitəsi sayılır. Seçki qanunvericiliyi isə yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur. Digər media, o cümlədən sosial media vasitələrindən istifadə olunmasında namizədlər sərbəstdirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.