Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü
17-02-2018, 11:56
Ötən gün axşam ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdırmaq üçün təyin edilmiş xüsusi prokuror Robert Müllerin çağırdığı Böyük Jüri 13 Rusiya vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb. Virtualaz.org “BuzzFeed” nəşrinə istinadla xəbər verir ki, onların arasında azərbaycanlı Ceyhun Aslanov da var. Habelə 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüldüyü xəbər verilir.
İş üzrə fiqurantların siyahısına prezident Vladimir Putinin şəxsi aşbazı kimi tanınan oliqarx-milyarder Yevgeni Priqojin başçılıq edir. İttiham aktına əsasən Priqojin “Concord Management and Consulting” və “Concord Catering” şirkətlərinin sahibidir, lakin bu şirkətlər Amerika seçkilərinə müdaxilədə iştirak edən “Internet Research Agency” adlı troll-fabriki ilə əlaqəlidir. Priqojinə bağlı hər üç subyekt ittiham aktında cavabdeh qismində tanınıblar.
Fiqurantlardan biri, azərbaycanlı Ceyhun Aslanov isə 2014-cü ildə Sankt-Peterburqdakı troll fabrikinə qoşulub və 2016-cı ilin sentyabrında ABŞ prezident seçkilərinə yönəlmiş bir sıra əməliyyatlara rəhbərlik edib. İttiham aktında belə deyilir ki, 27 yaşlı Aslanov troll fabrikinin “Amerikcan divizion” kimi tanına bölməsinə rəhbərlik edib və “Jay-Z” kod adı ilə tanınıb. O, Azərbaycandan Sankt-Peterburqa Rusiya Dövlət Hidrometeorologiya Universitetində iqtisadiyyat bölməsi üzrə təhsil almağa gedib. Tələbə vizası ilə ABŞ və Böyük Britaniyada səfərdə olub, mübadilə proqramlarında iştirak edib. Daha sonra troll fabrikinə qoşulub.
İttiham aktına əsasən Aslanov “Azimut LLC” adlı şirkətin baş direktoru kimi qeydə alınıb. O, təkcə ABŞ-a qarşı qəsddə deyil, habelə şəxsi məlumatların bilərəkdən ələ keçirilməsində, dələduzluqda və digər əməllərdə də ittiham olunur.
İttiham irəli sürülənlər arasında Mixail Bıstrov adlı polis polkovniki, Mixail Burçik adlı internet-hakeri, “Internet Research Agency” şirkətinin direktoru olmuş Aleksandra Krılova və digərləri də yer alır.
Bu ittiham aktı Müllerin komandası tərəfindən Amerika seçkilərin müdaxilə və Rusiya işi təhqiqatını getdikcə dərinləşdirdiyini göstərir. Gözlənilir ki, prokuror prezident Trampın özünü də dindirəcək.