Dövlət Ali Məhkəmədə mülki işlər və inzibati mübahisələrə dair işlər zamanı imkansızları vəkillə təmin edəcək

23-02-2018, 07:48           

Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.



APA-nın məlumatına görə, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir və belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.



Qərara əsasən hazırda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilib. Bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.


İndiyə qədər bu tələb maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə, həmçinin mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilib. Dəyişikliyə əsasən bundan sonra bu tələb maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil ediləcək. Başqa sözlə, dövlət bundan sonra mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda deyil, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkilə ödənişi öz üzərinə götürəcək.



Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə 2 ay ərzində Azərbaycanda dövlət hesabına ödənilən hüquqi yardımın məbləğinin iş saatı üçün 2 manatdan 6 manat qaldırılmasını təmin etmək tapşırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.