Bir ölkə sakininin orta hesabla hər ay xərci - STATİSTİKA
23-03-2018, 10:17
Azərbaycanda 2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 5,3 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8 faiz və 3,2 faiz üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,3 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9 faiz, fərdi sahibkarlar üzrə 0,4 faiz, bazar və yarmarkalar 0,1 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 271,6 manat və ya 2017-ci ilin yanvar-fevral aylarının göstəricisindən nominal ifadədə 17,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.