Bakı və Tehran arasında “buzlar” birdəfəlik əridimi...

31-03-2018, 10:13           

Həsən Ruhaninin Azərbaycan səfərinin yekunları barədə təhlilçilərdən fərqli açıqlamalar; siyasi şərhçilərin fikrincə, İran prezidentinin səfəri zamanı Qarabağ məsələsinin qabardılması İrəvana ünvanlanan mesajdır
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin gözlənildiyindən də məhsuldar olduğu barədə fikirlər var. Azərbaycan və İran prezidentləri səviyyəsində verilən bəyanatlar, iki müsəlman qonşunun əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində addımların atılacağı anonsu, yeni dəmiryolu layihəsinin reallaşdırılması ilə bağlı anlaşma və s. məsələlər Azərbaycanın düşmənlərini narahat edib.

Ancaq bu da faktdır ki, İran vaxtaşırı Azərbaycandakı gözləntilərə zidd olaraq işğalçı Ermənistana qucaq açmaqla müsəlman qonşuluğu prinsiplərini arxa plana keçirmiş olur və Azərbaycan ərazilərini tapdaq altında saxlayan ölkənin dirçəldilməsi istiqamətində cəhdlər göstərir. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin İslam dövlətlərinin toplantısında müsəlman aləminə məscid dağıdan ölkə ilə əlaqələr qurmamaqla bağlı çağırış etməsindən sonra İrandan gözləntilərimiz daha çoxdur. H.Ruhani Qarabağla bağlı sülh çağırışı etsə də, işğalçını qınayan mövqe ortaya qoymadı. İran prezidenti açıq şəkildə bəyan edib ki, rəsmi Tehran Qarabağ probleminin siyasi yolla həllinin tərəfdarıdır.

Ancaq ümid var ki, Tehran nəhayət, ona çətin gündə əl uzadan, ərazisindən başqa güclərin İrana qarşı istifadəsinə imkan verməyən, hətta dəmir yolunun çəkilişi üçün güzəştli şərtlərlə yüz milyonlarla dollarlıq kredit ayıran Azərbaycanı ac-yalavac və işğalçı Ermənistana görə incitməyəcək. Xüsusilə də üçtərəfli formatlarda da Bakı və Tehranın əlaqələri yeni müstəviyə adlayıb. Bəs, İran prezidentinin Bakı səfərindən sonra iki qonşunun münasibətində yenə də geriyə doğru addımlar gözləniləndirmi? Ümumən səfəri necə qiymətləndirmək olar? Bu səfərdən sonra Bakı və Tehran arasında “buzlar”ın birdəfəlik əridiyini demək mümkünmü?


Politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a dedi ki, İran-Azərbaycan münasibətləri düzəlmək məcburiyyətindədir: “Yəni tam nizamlanmasa da, ən azından nizamlanmış kimi görünəcək. İranın Türkiyə ilə də münasibətləri eyni şəkildədir. İran qonşuları ilə yaxşı münasibət qurmaq məcburiyyətindədir, açıq münaqişəyə heç vaxt girə bilməz. Onsuz da Qərb ölkələri tərəfindən ciddi şəkildə sıxışdırılır. Amma klassik mənada strateji bir ittifaq olurmu, bunu demək mümkün deyil”. Ekspert onu da qeyd etdi ki, İran heç zaman şimalda güclü bir Azərbaycan dövlətinin olmasını istəməz: “Bu, İranın strateji maraqlarına uyğun gəlmir. Çünki daxilində çoxsaylı Azərbaycan türkü yaşayır. Azərbaycan türkləri hər zaman şimala baxırlar. Güclü bir Şimali Azərbaycan dövləti İran üçün, ən azından bugünkü rejim üçün hər zaman ciddi bir təhdiddir. Amma ikili ziyarətlər, səfərlər, gözəl sözlər, hər zaman olacaq. Bu, dediyim kimi, bu, zorən, məcburiyyətdən gələn münasibətlərin düzəlməsidir, həm Azərbaycan, həm də İran üçün lazımdır. Amma tam mənada yaxşı münasibətlərdən danışmaq imkan xaricindədir. İranın Ermənistan siyasətini, Rusiya ilə münasibətlərini unutmayaq. Həmçinin Azərbaycanın enerji siyasətinə qarşı İranın öz həmləsi və digər məsələlər var”.

Ümumilikdə T.İsmayıl hesab edir ki, bu cür səfərlər, görüşlər əslində iki ölkə arasında münasibətləri tənzimələməyə yönəlib: “Lakin mən bu səfərin Ermənistana hər hansı bir təsirinin olacağını düşünmürəm. Çünki İranın Azərbaycanla bağlı yürütdüyü siyasət aydındır. Həmçinin Tehranın Ermənistanla bağlı siyasət və İrəvanla birlikdə hərəkətləri bəllidir. İranın öz maraqları var. Bu maraqlar baxımından Ermənistan İran üçün daha önəmli bir ölkədir. Odur ki, Tehran Ermənistanı həm Azərbaycana, həm də Türkiyəyə qarşı bir təzyiq vasitəsi kimi istifadə edir”.

İran prezidentinin Qarabağ məsələsinə ötəri toxunması, Azərbaycanın ərazi bütövlüyü barədə fikir bildirməyərək, sadəcə münaqişənin sülh yolu ilə tənzimlənməsinin alternativini görmədiyini deməsi birmənalı qarşılanmayıb. Yeri gəlmişkən, bu mövqe erməniləri xeyli məmnun edib, ölkə mətbuatında Ruhaninin bu barədə dediklərinə geniş yer ayrılması da ondan xəbər verir: “Ruhaninin bu sözləri standart cümlələrdir. Mənə elə gəlir ki, Ruhaninin bu cür deməməsinə böyük çərçivədə baxmağımız lazımdır. Böyük çərçivədə də İranın Ermənistan siyasəti bəllidir, çox yaxın münasibətlər var. Amma bu münaqişənin sülh yolu ilə həll edilməsi barədə dedikləri diplomatik üslubdur. Bunu hardasa dünya dövlətlərinin hamısı deyir. Yəni heç bir dövlət savaşa təhrikedici açıqlamalar verməz. Amma Ermənistanla və Azərbaycanla bağlı siyasətinə baxdığımız zaman görürük ki, İranın tutduğu mövqe ortadadır. ”Qarabağ Azərbaycan torpağıdır" deməməsinə gəldikdə, İran rəsmiləri bunu dəfələrlə söyləyiblər. Yəni İran heç vaxt beynəlxalq hüquqa zidd olan hərəkət etməz. Çünki mütləq öz əleyhinə yönələcək şeylərdir bunlar hamısı. Deməsi, yaxud deməməsi heç nəyi dəyişmir. İranın mövqeyi onsuz da bəllidir. Yəni yüksək səslə də desə ki, Qarabağ Azərbaycan torpağıdır, İran Ermənistanı dəstəkləməkdə davam edəcək. Amma bunu deməsə də, yenə Azərbaycanla münasibətlərini yaxşı etməyə və göstərməyə çalışacaq".

Ruhaninin Bakı səfərinin əhəmiyyətini şərh edən YAP-çı deputat Aydın Mirzəzadə isə hesab edir ki, Azərbaycan və İran arasında münasibətlər həmişə yaxşı olub. (AzVision.az) Deputatın fikrincə, bir çox vacib sənədlərin imzalanması artıq münasibətlərin daha da möhkəmləndiyini göstərir: “Birgə iqtisadi layihələrdə iştirak iki ölkə üçün adi hala çevrilib. İran kapitalı ilə Azərbaycanda bir neçə əhəmiyyətli obyekt fəaliyyət göstərir və yeni obyektlər açılmaqdadır. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində hər iki ölkənin marağı böyükdür. Azərbaycanın bu dəmiryolu xəttinin fəaliyyəti üçün 500 milyon dollar vəsaiti İrana kredit şəkilində verməsinin özü əməkdaşlığın ən yüksək səviyyəyə gəlib çatmasını göstərir. Böyük etimaddır ki, İran Astara yük dəmiryol stansiyasını 15 illiyə Azərbaycana icarəyə verir. Azərbaycan isə icarəyə götürdüyü əhəmiyyətli obyektlə hər iki ölkənin iqtisadi maraqlarını həyata keçirən siyasət yürüdəcək. Birgə maraqlara cavab verən siyasətin yürüdülməsi mümkün olduğunu İran və Azərbaycan nümunəsi göstərir”, - deyə A.Mirzəzadə əlavə edib.


Politoloq, deputat Rasim Musabəyov isə hesab edir ki, İran prezidentin Azərbaycana səfərini müsbət qiymətləndirmək lazımdır: “Bu səfər zamanı iki böyük layihənin icrası reallaşdırıldı. Bunlar çox böyük, iqtisadi cəhətdən əlaqələrimizi irəli aparan layihələrdir. Həmçinin Neftçalada avtomobil zavodunun tikilməsi iqtisadi əlaqələrin genişlənməsi deməkdir. Bu il, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Qazaxıstanda sammit keçiriləcək. Bizim üçün vacibdir ki, bu məsələdə fikir ayrılıqları olmasın. Düşünürəm ki, qeyd etdiyim məsələlər geniş müzakirə olunacaq. Bu baxımdan İran prezidentinin səfəri hər iki ölkə üçün çox əhəmiyyətlidir”.

R.Musabəyov vurğulayıb ki, İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır: “Bu məsələdə İranın prinsipial mövqeyi var. İran tərəfi bəyan edir ki, münaqişə dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu çox müsbət amildir”.

Siyasi şərhçilərin fikrincə, İran prezidentinin səfəri zamanı Qarabağ məsələsinin qabardılması birbaşa İrəvana ünvanlanan mesajdır. Artıq rəsmi Tehran Ermənistan rəhbərliyinə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunun mesajını verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.