Avropa “söyüş terrorçuları”nı həbs edə bilər? – Ekspertdən şok

31-03-2018, 10:34           

Bir sıra xarici ölkələrdə dövlət başçılarının, rəsmilərin və digər ictimai şəxslərin təhqir edilməsinə görə müəyyən cəza tədbirləri görülür. Rusiyada, Türkiyədə və bəzi başqa ölkələrdə prezidentə qarşı sərt ifadələr işlədən şəxslərin həbsinə imkan verən qanunvericilik bazası mövcuddur.

Məsələn, bir neçə gün əvvəl Türkiyədə müğənni Zuhal Olcay Prezident Ərdoğanı təhqir etdiyinə görə 10 ay müddətinə həbs edilib. Ötən il isə məşhur aktyor Məhməd Aslan eyni səbəbdən tutulmuşdu.

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında 400 nəfərin ölməsi haqda yalan xəbər yazan və Rusiya Prezidenti Vladimir Putini təhqir edən ukraynalı bloger barəsində qiyabi həbs qərarı çıxarılıb. Dünya mediasını araşdıranda bu kimi başqa nümunələrə də rast gəlmək olur.

Bəs görəsən, Azərbaycanda ölkə rəhbəri haqda ağır ifadələr işlədən şəxslər barədə həbs qərarları verilə bilərmi?

Sözügedən məsələ ilə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor, tanınmış hüquqşünas Fərhad Mehdiyev deyib ki, ölkə rəhbərini təhqir etmək yolverilməz haldır:

“Prezident ölkənin rəmzlərindən biridir. Yəni bir nazirə qarşı daha çox tənqid azadlığı var, nəinki prezidentə qarşı. Prezidentə qarşı tənqid məhduddur. Əgər ifadə tənqid deyil, təhqir formasındadırsa, heç kəsə qarşı olmaz. Avropa Şurasının Nazirlər Komitəsinin 2004 saylı tövsiyə qərarı var. Bu, mediada plüralizm haqqında tövsiyə qərarıdır. Tövsiyə olunur ki, publik hüquqlara qarşı tənqid azadlığını mümkün qədər geniş tutmaq lazımdır. Hətta bu sənəddə göstərilib ki, publik hüququ olan şəxslər, siyasi xadimlər satiraya belə mövzu ola bilərlər. Ancaq söhbət yalnız tənqiddən gedir”.

“Təhqir edənlər həbs oluna bilərmi” sualına isə hüquqşünas belə cavab verib:

“Elə ifadələr var ki, onları dövlət başçılarına qarşı işlətmək qətiyyən olmaz. Həmçinin həmin sözləri kimin və harada deməsi də önəmlidir. Məsələn, tutaq ki, çoban ölkə rəhbərliyini təhqir edir. Bu zaman o çobana toxunmaq olmaz, çünki o, tənqidlə təhqirin sərhədlərindən xəbərsiz ola bilər. Amma təhqirə tanınmış, müəyyən savadı və intellekti olan şəxs yol verərsə, ona çobana qarşı göstərilən dözüm tətbiq edilməməlidir”.

Hüquqşünas onu da qeyd edib ki, təhqir edən şəxsin hansı məsuliyyətə cəlb olunması onun sözlərindən asılıdır:

“Prezidentin şərəf və ləyaqətinin toxunulmazlığını təmsil edən xüsusi bir qurum yoxdur. Sadəcə, müəyyən qanun normalarına görə bunu kimin icra edəcəyi öyrənilir. Əgər Cinayət Məcəlləsindən müddəa gətirilirsə, orada bu cür cinayətləri kimin aparması məlum olur. Yəni DİN, Prokurorluq və ya digər orqanlar. Prosedur müvafiq hüququ pozulmuş subeyktdən şikayət getdiyi zaman başlayır. Fikrimcə, bu kontekstdə onları ciddi mülki məsuliyyətə cəlb etmək daha düzgündür. Əlbəttə, çox ağır ifadələr də var və ilk baxışdaca onların aşırı təhqir olduğu anındaca bilinir, heç ona görə araşdırmaya ehtiyac yoxdur. Bu ifadələr müəyyən cinayət məsuliyyəti də doğurur. Bununla bağlı müraciət olunarsa, Avropa Məhkəməsi məsələyə baxan zaman, işlədilən təhqirin ağır olub-olmamasını aydınlaşdıracaq və ona uyğun da qərar verəcək”.

Qeyd edək ki, ötən gün İctimai Televiziyada çıxışı zamanı “Gündəlik Teleqraf” media Qrupunun rəhbəri Aynur Camalqızı sözügedən virtual terrorçulara qarşı hüquq-mühafizə orqanlarını qanunvericilik çərçivəsində addım atmağa çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.