Pənah Hüseyn: “Azərbaycan cəmiyyəti, o cümlədən iqtidar yeni mərhələyə daxil olub”

14-04-2018, 09:45           
Pənah Hüseyn: “Azərbaycan cəmiyyəti, o cümlədən iqtidar yeni mərhələyə daxil olub”
AMİP lideri: “İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun, hamının gözlədiyi də budur”
AXP sədri Pənah Hüseyn 11 aprel prezident seçkilərindən sonrakı mərhələyə dair fikirlərini açıqlayıb. O, həm iqtidar, həm də müxalifət üçün yeni dönəmin başlandığı qənaətindədir. Bu fikriləri AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirib.

Pənah Hüseyn qeyd edib ki, müxalifətin yeni taktiki gedişlər hazırlaması həmişə zəruridir, 11 apreldən sonrakı dönəm üçün də yeni taktiki dəyişikliklər edilməsinə ehtiyac var. Amma əvvəlki strateji hədəflər qalır: “Ölkədə normal demokratik bir cəmiyyətin, rüşvətxorluqdan azad hüquqi vəziyyətin, azad məhkəmələrin, müstəqil qanunverici hakimiyyətin, hakimiyyət orqanları üzərində ictimai nəzarətin olduğu bir sistemin yaradılması fundamental demokratik islahatlar tələb edir. Bu istiqamətdə hakimiyyətin özü tərəfindən belə bir islahatların aparılmasına hazırlığın olmadığını düşünürəm.

Hesab edirəm ki, ölkədə gedəcək proseslərdə subyektiv amil olaraq müxalifətin fəaliyyətinin ciddi rolu vardır. Amma eyni zamanda obyektiv inkişaf qanunları getdikcə artıq dərəcədə dəyişiklikləri zəruri edir. Dəyişikliklər hansı formada həyata keçiriləcək bu barədə müxtəlif versiyalar irəli sürmək olar. Bu, Azərbaycanda gedən proseslərlə yanaşı, əlbəttə ki, dünyada gedən proseslərlə bağlı olan bir məsələdir. Hər halda Azərbaycan bu dəyişikliklərin labüd və zəruri olduğu bir mərhələyə daxil olub. Belə bir dəyişikliklərin edilməsi zəruridir. Arzu edərdik və çalışmaq lazımdır ki, dəyişikliklər dövlətimizin, insanlarımızın həyati maraqları üçün sarsıntısız keçsin. Azərbaycan cəmiyyəti, o cümlədən iqtidar yeni mərhələyə daxil olub. Yeni mərhələnin təzahürlərini müşahidə edəcəyik".

P.Hüseynin fikrincə, seçki ilə əlaqədar Nazirlər Kabinetinin qanunun tələbinə görə istefaya getməsindən sonra yeni hökumətin formalaşmasında mahiyyətcə elə də ciddi dəyişiklik baş verməyəcək: “İdarəetmədə dəyişiklik olmasa, yaşlı baş nazirin, yaşlı nazirin gənclə əvəz olunması mahiyyətin dəyişəcəyi ümidini vermir. İdarəetmədə, yanaşmalarda dəyişiklik olmalıdır ki, kadrların dəyişməsi ciddi dəyişikliklərə səbəb ola bilsin”.

AMİP lideri AMİP lideri isə seçkidən sonrakı gözləntilər barədə modern.az-a açıqlamasında bildirib ki, qarşıdakı mərhələdə dəyişikliyi hamı istəyir: “Qanunvericiliyə görə, seçkidən sonra hökumət yenidən qurulmalıdır. Hamının ürəyindən keçir ki, indiki hökumət köklü şəkildə dəyişdirilsin və gəncləşdirilsin. Özünün proqramı olan bir hökumət formalaşsın və xalqın da bundan da xəbəri olsun. İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun. Fikrimcə, hamının gözlədiyi də budur”.

AMİP lideri Nazirlər Kabinetinin dəyişilməsindən danışarkən bunu sırf yaşla əlaqələndirmədiyini bildirib: “Təkcə yaş baxımından hökumətdə gəncləşməni nəzərdə tutmuram. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Zənnimcə, hamımız onu istəyirik”.

Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan Etibar Məmmədov monopoliyaya son qoyulmasının zəruriliyini söyləyib: “İqtisadiyyatımız gəncləşmə nəticəsində məmurların əlindən alınmalı və sərbəstləşməlidir. Monopoliyaya son qoyulmalıdır. Azadlıqlar təmin olunmalıdır ki, insanlar sərbəst və qanunauyğun şəkildə iqtisadi fəaliyyətlə məşğul ola, öz istəklərini həyata keçirə bilsinlər. İndiyə qədər buna mane olan həmin məmurların özbaşınalığı, qanunları pozması idi. Bu da iqtisadiyyata böyük ziyan vurur. Eyni zamanda mənəviyyata da ziyan vurur. İnsanların düşüncəsini də pozmaqla bədbinlik yaradır. Ona görə də düşünürəm ki, bunların dəyişməsinə ehtiyac var. Xüsusən də kiçik və orta sahibkarlığa yardım istiqamətində sərbəstlik verilməsinə ehtiyac var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.