Böyük sülh sazişi naminə diplomatik həmlə: zamanı çatmadımı?

14-04-2018, 10:56           
Böyük sülh sazişi naminə diplomatik həmlə: zamanı çatmadımı?
Artan müharibə risklərini ən çox Rusiya ciddiyə almalıdır, çünki...; erməni siyasi şərhçi: “Xalq daim münaqişənin alovlanması qorxusu ilə yaşayır...”

Xeyli müddətdir dalana dirənmiş Qarabağ danışıqlarını canlandırmaq üçün daha bir fürsət yaranıb. Hər halda konstruktiv müzakirələrə əngəl sayılan faktorlardan biri - seçki amili gündəmdən çıxmaqdadır. Artıq əsas vasitəçi dövlət olan Rusiyada və Azərbaycanda prezident seçkiləri yekunlaşıb. Bir neçə gün sonra isə işğalçı Ermənistanda baş nazir seçkisi olacaq və böyük ehtimalla, eks-prezident Serj Sərkisyan bu postu tutacaq. Yəni Ermənistanda da ənənəvi hakimiyyət yerində qalacaq.

Bəzi siyasi müşahidəçilərə görə, həm Rusiyada, həm də Azərbaycanda və işğalçı ölkədə hakim siyasi rejimlərin dəyişməməsi Dağlıq Qarabağ məsələsində pozitiv amil rolu da oynaya bilər. O anlamda ki, tərəflər artıq bir-birini kifayət qədər yaxşı tanıyır və indiyədək dəfələrlə bir araya gəliblər - xüsusən də Moskvanın patronajlığı altında. Başqa sözlə, istək olarsa, nizamlama prosesində çoxdan gözlənilən diplomatik həmləyə nail olmaq mümkündür.

Söhbət əlbəttə ki, öncəliklə Rusiyadan və onun hazırkı rəhbərliyindən gedir. Nədən ki, Ermənistan məsələdə müstəqil söz sahibi deyil, bütünlüklə Kremldən asılıdır. Ərazisinin 20%-i işğal altında olan Azərbaycanın isə beynəlxalq hüquqa söykənən mövqeyi çoxdan bəllidir: Bakının torpaq güzəştinə getmək fikri yoxdur. Bu, heç mümkün də deyil. Azərbaycanda işğalçı ölkəyə ərazi güzəşti hesabına Qarabağ ixtilafının “həllinə” razılıq verəcək siyasi qüvvə mövcud deyil - nə iqtidarda, nə də müxalifətdə. Prezident İlham Əliyevin təbirincə desək, torpaqlarımızda ikinci erməni dövlətinin qurulacağını gözləyənlər boşuna gözləyir...

*****

Qarabağ üçün diplomatik həmləni indi həm də hər gün artan müharibə riskləri diktə edir. Üstəlik, əksər hərbi ekspertlərə görə, genişmiqyaslı hərbi əməliyyatlar üçün ən əlverişli sayılan yaz-yay mövsümünə daxil olmuşuq. Müharibə isə rəsmi Moskvanın regional maraqlarına cavab vermir. Həm Türkiyə və Azərbaycanı itirmək ehtimalı üzündən, həm də Qərblə, NATO ilə gərgin olan münasibətlər səbəbindən.

Belədisə, Rusiya rəhbərliyində güclənən risk faktorları görəsən nə dərəcədə ciddiyə alınır, Kreml nəhayət ki, üzümüzə gələn həftələrdə, yaxud yaxın perspektivdə “qolunu çirmələyib” problemin həllinə girişə bilərmi, yoxsa biz yenə Rusiya rəsmilərinin ənənəvi, şablon, növbətçi bəyanatlarını eşidəcəyik? Məsələn, bu cür ki, “Münaqişə tərəfləri özləri öz aralarında razılığa gəlsin, biz bu razılığa qarant duraq”.

“Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım Rusiyanın prioritetlərindən biridir”. Bunu Rusiyanın XİN-də “Vestnik Kavkaza” agentliyinin münaqişənin sülh yolu ilə həlli üzrə vasitəçilərin iki illik fəaliyyətinin yekunları haqqında suallarını cavablandırarkən bildiriblər. Nazirlikdən deyiblər ki, Güney Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir: “Əminliklə bir şeyi deyə bilərik: MDB məkanında tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyət üzrə strateji kurs dəyişməz qalır. Rusiyanın xarici siyasət xəttinin mühüm regional istiqamətlərindən biri də Cənubi Qafqazdır”.

Lakin bu prioritet hələ ki Qarabağ konfliktinin həllini deyil, ən yaxşı halda “dondurulması”nı və status-kvonun, yəni işğal rejiminin uzanmasını təmin edir. Bu isə ərazilərinin 1/5-i işğal altında olan Azərbaycanın maraqlarına cavab verə bilməz. Əslində heç Rusiya və onun forpostunun da marağında olmamalıdır. Çünki itirilən zaman böyük müharibəni yaxınlaşdırır, böyük sülhü yox. İşğalçı Ermənistanın isə Azərbaycanla müharibə aparmağa yetərli iqtisadi, insani, hətta hərbi resursları yoxdur - nə qədər Moskva dəstək versə də. Konfliktin süni şəkildə uzanması, deyildiyi kimi, həmçinin şimal qonşumuzu strateji maraqlarına cavab vermir.

*****

Lakin münaqişədən ən çox itirən işğalçı tərəf, blokada rejimində olan Ermənistandır. Bunu indi erməni siyasi şərhçilər də etiraf edirlər.

“Sovet illərində Rusiya ilə ümumi sərhədləri olmayan Ermənistan mərkəzlə əsasən Azərbaycan SSR ərazisi ilə əlaqə yaradırdı. Ancaq Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan özünü faktiki olaraq iqtisadi blokadaya saldı. Aydındır ki, blokadanın yarılması Ermənistana genişmiqyaslı iqtisadi layihələrə qoşulma imkanı verəcək, bunun nəticəsində respublika rifah yoluna girəcək”.

Bu sözlər “Vestnik Kavkaza”nın köşə yazarı Mamikon Babayanın Ermənistanı iqtisadi blokadadan çıxarmaq yolları haqda yazısındandır (Axar.az). Onun sözlərinə görə, ərazi münaqişələrinin dəstəklənməsindən imtina qarşılıqlı faydalı iqtisadi layihələrin hazırlanması və həyata keçirilməsinə gətirib çıxaracaq ki, bu da Rusiya əleyhinə sanksiyaların artdığı bir şəraitdə xüsusilə vacibdir.

Erməni yazar ardınca qeyd edib ki, Ermənistan üçün Qarabağ müharibəsinin aydın nəticəsi ölkədəki mövcud vəziyyətə indi də mənfi təsir göstərən ağır iqtisadi durumdur: “Münaqişə nəticəsində Ermənistan siyasəti təcrid vəziyyətinə düşdü. O, 4 ölkə ilə həmsərhəddir ki, onlardan da ikisi ilə, yumşaq desək, münasibətlər uyğunlaşmır. Türkiyə Azərbaycanın strateji müttəfiqidir və sərhədləri əvvəlki kimi Ermənistanın üzünə qapalı saxlayır. 90-cı illərin əvvəlində SSRİ-nin süqutundan sonra Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmasına baxmayaraq, diplomatik əlaqələrin qurulması və qarşılıqlı faydalı ticarət sazişlərinin bağlanması mümkün olmadı. İran Ermənistana qarşı dostluq siyasəti həyata keçirsə də, Qərblə düşmən münasibətindədir. Abxaziya və Osetiya problemlərinin həll olunmaması isə Gürcüstan və Ermənistan arasında əməkdaşlığa müəyyən məhdudiyyətlər gətirir”.


Müəllif nəqliyyat blokadasının Ermənistan üçün ciddi problemlərdən olduğunu vurğulayır: “Nəqliyyat blokadası özünü dəmir yolu nəqliyyatında da göstərir. Qarabağ münaqişə nəticəsində Naxçıvan MR ərazisindən keçdiyi üçün Mehri və Masis rayonlarını birləşdirən dəmiryolu xətti bağlandı. Bu gün Ermənistan da Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Beləliklə, Ermənistanın cənubu dəmiryolu əlaqəsindən kəsilir, dəmiryolu şəbəkəsi yalnız ölkənin şimal rayonlarında fəaliyyət göstərə bilir. Ermənistanda Ermənistan-İran dəmiryolunun tikintisi ilə yol infrastrukturunun potensialını bərpa etməyə ümid edirlər, lakin layihə hələ də həyata keçirilməyib. Dəmiryol xəttinin inkişafı üçün ikinci perspektivli sahə Abxaziyanın ərazisindən keçən Zaqafqaziya dəmiryolunun bir hissəsinin bərpası ola bilər. Bunda həmçinin Rusiya da maraqlıdır. Belə ki, 1991-ci ildən indiyə qədər Tiflis gürcü-abxaz münaqişəsinə görə Soçi-Suxumi-Tiflis-İrəvan marşrutu ilə dəmiryol əlaqəsini kəsib. Ötən 24 il ərzində isə həmin magistral tamamilə tənəzzülə başlayıb”.

Yazıda haqlı olaraq qeyd olunur ki, Ermənistanın iqtisadi blokadası postsovet məkanında inteqrasiya proseslərində onun iştirakının qarşısını alıb: “Təkbaşına isə Ermənistan üçün xarici borcu illik gəlirindən dəfələrlə çox olan ölkələrin siyahısında yer almamaq çətin olacaq. Ancaq ölkənin KTMT-da iştirakına baxmayaraq, respublikanın və bunun nəticəsi olaraq Dağlıq Qarabağın militarizasiyası İrəvanı orduya fəal şəkildə sərmayə qoymağa vadar edir. Bu isə insanların həyatına və ölkənin siyasi elitasının ritorikasında iz qoyur. Xalq daim münaqişənin alovlanması qorxusu ilə yaşayır ki, bu da həmçinin miqrasiya bəhanələrinə xidmət edir”.


Müəllif xatırladır ki, Sovet İttifaqının süqutundan əvvəl Ermənistan özünün xammal tələbatını müttəfiq respublikalardan idxal hesabına təmin edib: “Beləliklə, Azərbaycan Ermənistana kimya və yanacaq sənayesi, maşınqayırma, tərəvəz məhsulları verirdi. Ermənistan isə əsasən hazır məhsullar - iş alətləri, kənd təsərrüfatı maşınları, avtomobillər, geyim və qablar göndərirdi. 1980-ci illərin sonunda Ermənistanın istehsal həcminin 70 faizi idxal olunan məhsullardan ibarət idi. Eyni zamanda istehsalın 60 faizi ixrac edilirdi. Müharibə səbəbindən Ermənistan təcili şəkildə özünə alternativ karbohidrogen mənbələri axtarıb tapmağa məcbur oldu. İran 90-cı illərin ortalarından etibarən Ermənistanın əsas enerji idxalçısı və enerji təhlükəsizliyinin təminatçısı oldu. Bu gün Ermənistan, deyilənə görə, yüksək qiymətlərlə satılan İran qazından asılıdır”.

Məqalədə daha sonra deyilir: “İqtisadi blokada Ermənistanda bir çox sənaye sahələrini məhv etdi. İqtisadiyyat İnstitutunun (postsovet ölkələrinin sosial-iqtisadi inkişafı: iyirmi illiyin nəticələri) məlumatlarına görə, müharibədən sonra sənaye sahəsində işləyənlərin sayı 458 min nəfərdən 180 minədək (2.5 dəfə) azalıb ki, bu da öz növbəsində elektrik enerjisi, təbii qaz istehsalının və istehlakının azalmasında özünü göstərib. Sənaye miqyasında rəqabət qabiliyyətli məhsullar istehsal etmək üçün daha geniş bir auditoriya və qlobal investisiyaların cəlb edilməsi lazımdır ki, buna da həll olunmamış Qarabağ məsələsi maneə törədir”.

Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan, izolyasiya rejimindən qurtuluşu və normal inkişafının əsas şərti də elə budur - Dağlıq Qarabağ probleminin tezliklə həlli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina. Ya işğal, ya inkişaf. Üçüncü yol yoxdur...

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.