"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"

24-06-2018, 20:14           
"Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqdır, bu nə düşüklükdür?"
Bu gün sizə bir həssas məsələ ilə bağlı fikirlərimi çatdırmaq istəyirəm. Bu elə bir mövzudur ki, onu boşuna buraxsaq sonradan daha pis nəticələrə səbəb olar. Çox təəssüf edirəm ki, hökumətin müvafiq qurumları da bu işdə çox böyük yanlışlıqlara və boşluqlara yol verirlər. Silahlı Qüvvələr günü ərəfəsində belə bir məsələyə toxunduğum üçün də, kim inciyəcəksə, bəri başdan məni bağışlasın. Bıçaq artıq sümüyə dirənib...
Son vaxtlar, xüsusən də 2016-cı ilin aprel hadisələrindən bir qədər sonra Azərbaycanda sinəsi müxtəlif səpkili orden və medallarla dolu olan çoxlu "qəhrəmanlar" peyda olublar. Mən dövlət səviyyəsində təltif olunanlardan deyil, bir sıra ictimai təşkilatlar tərəfindən özbaşına təsis edilmiş və hara gəldi, kimə gəldi təqdim edilən saysız-hesabsız medalları nəzərdə tuturam. Dostlar, yoldaşlar və cənablar! Sizə elə gəlmirmi ki, deyəsən "barıtı" həddən çox eləmisiniz axı. Bu nə hoqqabazlıqdır, bu nə özbaşınalıqıdr, bu nə, üzr istəyirəm ifadəmə görə, düşüklükdür? Yığışdırın bu özfəaliyyətinizi. Ayıbdır. Əziyyət çəkən, zəhməti olan şəxslər qalıb bir kənarda, hələ də bəzi vicdansız və məsuliyyətsiz şəxslər özlərini kamera və mikrofonlar qarşısında əsl şou-biznes adamı kimi aparır və hansısa əldəqayırma, heç bir hüquqi statusu olmayan müxtəlif medalları müxtəlif adlar altında, əksəriyyəti də layiq olmayan şəxslərə təqdim edirlər. Birinci Qarabağ savaşında yaxından iştirak edən minlərlə əsil oğul və qızları tanıyıram ki, onlar hələ də baxmayaraq ki, döyüşlərdə iştirak ediblər, hətta yaralanıb ölkənin mülkü və hərbi tibb ocaqlarında stasionar müalicə olunublar, "Müharibə Veteranı" vəsiqəsini belə ala bilməyiblər. Sonradan peyda olan bəzi "vəzifəli sərkərdələr" həm özlərinə, həm də əldən natəmiz bəzi şəxslərə elə "daşdan keçən" saxta sənədlər düz-qoş ediblər ki, sən demə bizlər yox, onlar əsl müharibədə olublarmış. Mən öz varlığım qədər əminəm ki, geci-tezi hamı layiq olduğu həqiqi qiyməti alacaqlar. "Yağın da, ayranın da, şorun da həqiqi qiyməti bilinəcək". Təki canımız sağ, işlərimiz avand olsun. Qarabağımız erməni-rus işğalından azad edilsin, onda hərtərəfli, detallı olaraq "saf-çürük"ə başlıyarıq. Tarix heç nəyi və heç kəsi unutmur və unutmayacaq.
Silahlı Qüvvələr günü öncəsi fürsətdən istifadə edib, hələ də Qarabağ savaşında iştirak edib, uzun illərdir bəzi dövlət və hökumət strukturlarının otaqlarında yatıb qalmış orden və medallarını gözləyən zəhmətkeş əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Sizin qəhrəmanlığınız və rəşadətiniz hələ də müvafiq orqanlar tərəfindən layiqincə qiymətləndirilməyibsə, bu o demək deyil ki, siz unudulmusunuz. İnşallah yaxın vaxtlarda hər kəsin əməyinin qiyməti layiqli şəkildə yəqin ki, verilməlidir və veriləcəkdir.
Ən sonda. Dövlət və hökumət strukturlarında çalışan, xidmət edən vəzifəli şəxslər müvafiq olaraq qiymətləndirilməlidirlər. Bəzən tədbirlərdə, xüsusən də televiziya ekranlarından bizlərə elə şəxsləri təqdim edirlər ki, bunlar 20-25 il, daha çox dövlət və hökumət strukturlarında çalışıblar və ya xidmət keçiblər, sinəsində "iki cüt, bir tək" orden və ya medal plankası olur. Tutaq ki, əgər bu polkovnik və ya general rütbəsinə layiq görülübsə, deməli bunun xidmətlərinə uyğun bir orden-medalı da olamalıdır axı, atam balası! Yoxsa, DİN-in iki-üç zabitini son vaxtlar mütəmadi olaraq televiziya ekranlarına çıxarıb milləti maarifləndirməyə çalışırlar. Baxırsan, bunun özünün "dərs alamağa, maariflənməyə" ehtiyacı var ki.. Sonradan maraqlananda eşidirsən ki, həəəə, sən demə, bu Həsən Ağanın qohumu və ya adamıymışşş..On görə də vəzifə pillələrində ildırım sürətiylə irəlilədib, paqon verib o biri məsələləri yerinə yetirməyi unudublarmış. Ona görə də kənardan bir qədər "ni to" görünürlər.
Ölkənin və dövlətin taleyini savadlı, ağıllı insanlar həll ediblər və edirlər. Gəlin Azərbaycanımızı bir çox saxta, qeyri-səmimi və boğazdan yuxarı ura-patriotluqdan xilas edək! Dediklərim də məhz bu şiddətlənməkdə olan "xəstəlik epidemiyasının" qarşısının alınması üçün dilə gətirdiyim narahatçılıqdır. Yoxsa, sonradan Şimali Koreyanın başdan ayağa kimi orden-medallı "igidləri" bizə həsəd aparacaqlar.
Tanrı Azərbaycanımızı qorusun!

Üzeyir Cəfərov, Hərbi ekspert












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.