Bakı restoranlarının tüstü problemi – işə BŞİH də qarışdı

9-08-2018, 08:39           
Bakı restoranlarının tüstü problemi – işə BŞİH də qarışdı
İqtisadçı: “Standartlar olmalıdır, qaydalarını tez-tez dəyişməsi biznesə əlavə yükdür”
Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri müşavirədə maraqlı və faydalı təklif irəli sürülüb.

Hamıya bəllidir ki, obyektlərin yerləşdiyi ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü insanlarda diskomfort yaradır, vətəndaşların çoxsaylı şikayət və narazılığına səbəb olur.

Müşavirədə bu obyektlərin fəaliyyəti və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Habelə yaxın vaxtlarda şəhərin ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilməsi, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulması, bəzi yerlərdə yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və ya quruması məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlər də başlanacaq.

Sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və şadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvəl ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb.


Müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb.

Qeyd edək ki, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur.

Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.

Maraqlıdır, bəs bu cür addımlar sahibkarlığın inkişafına mənfi təsir göstərə bilərmi?


İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirir ki, standartlar və qaydalar əvvəldən müəyyənləşməli və hamının bu standartlara cavab verməsi tələb edilməlidir: “Təəssüf ki, bəzi dövlət müəssisələrində, məsələn, sement zavodlarında standartlar tətbiq olunmur. Qaradağdan keçərkən tüstünü hətta vizual olaraq gözlə də görmək olur. Bu da ekologiyaya ciddi ziyan vurur. Və bu standartlar hamıya eyni qaydada tətbiq olunsa, biznes, sahibkar da öncədən işini bilər. Hər hansı bir insan restoran, kafe, yaxud ictimai iaşə obyekti açarkən o standartları biləcək, o standartlara uyğun xərclərini hesablayacaq, xərclərinə uyğun da gələcəkdə qiymət siyasətini və müştərilərə xidmət cədvəlini quracaq. Oyunun qaydalarını tez-tez dəyişməsi, tez-tez yeni qaydaların əlavə olunması təbii ki, biznesə əlavə yükdür, əlavə xərcdir. Bu da sonuc etibarilə müştərilərin cibindən çıxacaq puldur. Biznes, heç bir sahibkar bu işləri öz cibindən görmür, qazancından görür. Qazancının da mənbəyi vətəndaş, yəni müştərisidir. Belə bir şərait yarananda təbii ki, onlar da qiyməti qaldırmaqla bu xərclərin bir qismini qapatmağa çalışacaq. Biznes öncədən oyun qaydalarını açıq şəkildə bilməlidir. Buna uyğun da öz xərclərini, gəlirlərini, menyusunu, qiymət siyasətini müəyyən etməlidir. Bu qaydaların tez-tez dəyişməsi həm biznesi ürküdür, biznes mühitinə ciddi zərbə vurur, biznesin tez-tez dəyişən oyun qaydalarına uyğunlaşması vətəndaşlara daha baha xidmət etməsi ilə nəticələnir. Bu nöqteyi-nəzərdən çox asan çıxış yolu var. Bəlli standartlar çox şəffaf şəkildə tətbiq olunur, elan olunur, dünyanın hər yerində olduğu kimi, bu standartlara uyğunlaşan biznes də rahat şəkildə öz fəaliyyətini davam etdirir. Heç bir yoxlamalara, hər hansı qurum tərəfindən bağlanması təhlükəsi ilə də üzbəüz qalmır”.

Xarici ölkələrə gəlincə, iqtisadçı qeyd edir ki, istənilən inkişaf etmiş ölkələrdə istənilən iaşə obyektlərinin standartları var: “Xarici ölkələrdə bəlli standartlar var. Havaya buraxılan zərərli tüstünün miqdarı olmalıdır. Bu miqdara uyğun olaraq da avadanlıqlar quraşdırılır. Amma bu, öncədən edilir, hər hansı bir restoranı işlədib, hər hansı bir formada gəlir əldə etməyə başlayıram, sonradan gəlib mənə bu standartları, yaxud qaydaları deyirlərsə, bu doğru deyil. İstənilən inkişaf etmiş ölkələrdə istənilən iaşə obyektlərinin standartları var. Və həmin qaydalar və standartlar müxtəlif saytlarda onlayn qaydada tanış olmaq mümkündür. Standartları öncədən bilən iş adamı da ona uyğun olaraq fəaliyyətini qurur. Bizdə isə həm standartlar bəlli deyildi, aydın deyildi, cəmiyyətdə iş adamlarına aydın izah olunmur, həm də tez-tez dəyişdirilir. Bunun nəticəsində də biznesə əlavə yük düşür və bu əlavə yükü ödəyən nəticədə vətəndaş olur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.