Paşinyanı pis vəziyyətdə...– Səfir və Dövlət Departamentindən şok tələb
22-08-2018, 12:51
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills erməni iş adamlarının İran şirkətləri ilə əməkdaşlıq etmək məsələsini ABŞ səfirliyi ilə məsləhətləşməli olduqlarını deyib. Səfir bildirib ki, bu məsələni onunla məsləhətləşmək zəruridir. O, erməni iş adamlarının ABŞ-ın sanksiyaları ilə üzləşməmək üçün bunun vacib olduğunu rəsmi İrəvanın diqqətinə çatdırıb.
Teleqraf.com xəbər verir ki, amerikalı diplomatın bu bəyanatı Ermənistanda geniş müzakirəyə səbəb olub.
Lakin rəsmi İrəvan bunu ABŞ-ın Ermənistanın daxili işinə müdaxiləsi kimi qəbul etmir. Maraqlıdır ki, erməni iş adamlarının bu kimi məsələləri yalnız Ermənistan hökuməti ilə məsləhətləşməli olduqları da səfirin diqqətinə çatdırılmayıb.
Sosial şəbəkələrdə isə ermənilər Riçard Millsə dəstək veriblər və iddia edirlər ki, bu, Ermənistanı İrana qarşı olan sanksiyalardan müdafiə etmək deməkdir.
Səfir Millsin bəyanatından iki gün sonra ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk çıxışında bildirib ki, İrana qarşı sanksiyalar onunla əməkdaşlıq edən bütün ölkələri təhdid edəcək. Ermənistan KİV bununla bağlı Dövlət Departamentinin Baş nazir Nikol Paşinyana xəbərdarlıq etdiyini iddia edir və Paşinyanın İrana səfərini bu səbəbdən təxirə saldığını vurğulayır.
Lakin erməni mənbələr Paşinyanın ABŞ-ın tələbləri ilə hesablaşdığını və Ermənistanın daxili işlərinə açıq müdaxilə qarşısında nümayiş etdirdiyi susqunluğu da diqqətə çatdırır:
“Səfir və Dövlət Departamentinin bəyanatındakı incə məqam bundan ibarətdir ki, ABŞ Ermənistanı İranla əməkdaşlıqdan məhrum etməklə yanaşı, Ermənistan iqtisadiyyatını zərbə qarşısında qoyur. Ən maraqlı məqam isə Paşinyan hökumətinin Amerikanın bu tələbinə boyun əyməsidir”.
Qeyd edilir ki, Ermənistan hakimiyyəti hələlik bir neçə gün keçməsinə baxmayaraq, Riçard Millsin bu bəyanatına rəsmi reaksiya verməyib:
“Eyni zamanda, rəsmi İrəvan İranla əməkdaşlıq etmək hüququnun olduğunu da müdafiə etmir. Görünən budur ki, blokadada olan kiçik ölkənin hakimiyyəti ABŞ-ın tələblərini yerinə yetirməyi İranla əməkdaşlıqdan daha vacib hesab edir. Ermənistanın bir tərəfdən də Rusiyanın təzyqiləri altında olduğunu nəzərə alsaq, ABŞ-ın təhdidləri Ermənistanın təhlükəsizliyini tamamilə təhlükə altına alır”.
Ermənistandan hələlik ABŞ-ın bu təhdidlərinə keçmiş xarici işlər naziri Vardan Oskanyan reaksiya verib.
O, ABŞ-ı Ermənistanın daxili işlərinə qarışmaqda və Ermənistan hakimiyyətinin də Vaşinqtondan gələn təlimatları yerinə yetirməkdə ittiham edib: “Bu, qəbuledilməzdir. Ermənistanın iş adamları üçüncü ölkənin təmsilçiləri deyil”.