Universitetlərin mərkəzdən köçürülməsi: Layihənin icrası niyə yubanır?
20-09-2018, 21:35
Ali təhsil müəssisələrinin Bakının mərkəzindən köçürülməsi məsələsi yenidən gündəmə gəlib.
Universitetlərin paytaxtın ərtafında yaradılması nəzərdə tutulan altşəhərlərə köçürülməsi ideyası bir neçə il əvvələ aid olsa da, məsələ açıq olaraq qalır. Xatırladaq ki, Azərbaycanda təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulub. Bu mənada bir müddət əvvəl ali təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı Dövlət Proqramının hazırlandığı bildirilmişdi.
Təhsil Nazirliyi açıqlamışdı ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, "Ali təhsil müəssisələri üçün kampusların yaradılması ilə bağlı Dövlət Proqramı"nın hazırlanması üzərində çalışılır. Bununla yanaşı, köçürüləcək universitetlər, eləcə də onların mülkiyyətləri ilə bağlı məsələlərə
Dövlət Proqramının təsdiqi və prioritetlərin müəyyən edilməsi zamanı baxılması nəzərdə tutulur.
Amma sonrakı mərhələdə sözügedən məsələyə qayıdılmadı. Daha doğrusu, Təhsil Nazirliyi məsələnin onlara aidiyyatı olmadığını israr etdi.
Açıqladı ki, universitetlərin köçürülməsi ideyası və layihəsi onların gündəmində deyil və nazirlik bu məsələni şərh etmir.
Ekspertlərin fikrincə, universitetləri Bakıdan köçürmək və onlara müasir binalar, kampuslar tikmək yaxşı. ancaq real ideya deyil. Çünki bu köçürmə bir neçə aspektdə ciddi işlənib hazırlanmalı, məsələ hökumət, müxtəlif dövlət strukturları səviyyəsində müzakirə olunmalıdır. Digər tərəfdən, bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir.
Qeyd edək ki, universitetlərin şəhər mərkəzindən kənarda yerləşməsi inkişaf etmiş ölkələrin təcrübəsində var. Türkiyədə universitetlərin çoxunun tələbə şəhərciyi var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ekspertlər hesab edirlər ki, gələcəkdə ali məktəblərin şəhərin mərkəzindən kənara köçürülməsi baş versə, onda tələbələrin hərtərəfli rahatlıq və şəraitini təmin edəcək şəhərciklərin də salınması reallaşa bilər. Amma universitetlərin köçürülməsi prosesi heç də asan məsələ deyil. Bunun üçün ilk növbədə ərazi olmalı və infrastruktur formalaşdırılmalıdır.
Maraqlıdır, universitetlərin kənar ərazilərə köçürülməsi zəruridirmi?
“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil işçisi Elşən Qafarov “Cümhuriyət” qəzetinə şərhində biıldirib ki, hazırda universitetlərin köçürülməsi məsələsi arxa plana keçib: “Bununla bağlı Təhsil Nazirliyi də hər hansı məlumat verməyib ki, hansı universitetlər hara köçürüləcək. Amma hesab edirəm ki, bu layihə reallaşsa, həm ali, həm də orta təhsildə canlanma yaranar. Bu baş versə, təlim nailiyyətlərinə müsbət təsir göstərər, ali təhsilin inkişafına gətirib çıxarar. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da qeyd olunub ki, dövlət kampusların yaradılmasını təşviq edir. Bu, o deməkdir ki, publik hüquqi şəxs almış ali təhsil ocaqlarının kampusları yaradılmalıdır. Bizim ali təhsil müəssisələrimizin bir çox problemləri var. Beynəlxalq təcrübədə universitet dövlətdən asılı deyil, tamamilə müstəqildirlər.
“Təhsil haqqında” qanununda da göstərilir ki, universitetlərə muxtariyyat verilməsi ilə bağlı müəyyən addımlar atılır. Artıq bu işə başlanılıb. İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Aqrar Universitet və bir çox ali təhsil ocaqları publik hüquqi şəxsdir. O cümlədən, dövlət publik hüquqi şəxslərə faizsiz kreditlər vermək, yardımlar göstərməklə həmin universitetlərin kampuslara keçməsini dəstəkləyə bilər. Lənkəran Dövlət Universiteti ilə bağlı hazırda çox ciddi işlər görülür. Əsas məsələ odur ki, Bakı şəhərində universitetlər və Gəncə Dövlət Universiteti, Texnalogiya Universitetlərinin meqapolislərdən çıxarılması, eləcə də kampus sisteminin yaradılması təhsilin inkişafına böyük töhfə verə bilər”.
Ekspert əlavə edib ki, beynəlxalq təcrübədə də bütün aparıcı universitetlərin şəhər mərkəzindən kənarda kampus sistemi ilə çalışması var. Bu sistemdə həm yataqxana, həm tədris korpusu, həm kitabxana, həm də istirahət- bir sözlə, bütün şərait yaradılır: “Dövlət təhsilə kifayət qədər pul ayırır. Azərbaycan az-az dövlətlərdəndir ki, ordudan sonra ikinci sahə olaraq təhsilə daha çox vəsait ayırır. 2017-ci ilin dövlət büdcəsində təhsilə ayrılmış vəsait 2 milyard 700 min manat təşkil edib ki, bu da Ermənistanın dövlət büdcəsindən bir qədər az vəsaitdir. Ona görə də indiki şəraitdə kampusların yaradılması dövlətimiz üçün çox da böyük problem deyil. Yetər ki, o vəsaitlər düzgün ünvana gedib çıxsın”.
Alçina Amilqızı
Cebhe.info