Yeni ABŞ səfiri-Rusiyaya qarşı sərt diplomat

21-09-2018, 08:30           
Yeni ABŞ səfiri-Rusiyaya qarşı sərt diplomat
Bakıya problem yarada bilərmi?

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində ABŞ-ın Bakıdakı səfiri postuna Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat İrli Litzenbergerin (Earle Litzenberger) namizədliyini irəli sürüb. Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litzenberger onun səlahiyyətlərini icra edir.

Litzenberger nazir müşaviri ali diplomatik rütbəsinə malikdir. Litzenberger ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

Bu ilin martından boş qalan səfir vəzifəsinə təyinatla bağlı Senatda müzakirələrin nə vaxt olacağı bəlli deyil. Müşahidəçilərin fikrincə, İran, Rusiya, Suriya məsələləri fonunda Cənubi Qafqazın əsas söz sahibi olan ölkəsinə hərbi məsələlərlə məşğul olan şəxsin səfir göndərilməsi heç də təsadüfi deyil.


Vaşinqtonda fəaliyyət göstərən azərbaycanlı jurnalist Ələkbər Raufoğlu contact.az-a açıqlamasında Litzenberger “böhran yatıran diplomat” kimi tanındığını deyib: “Dövlət Departamentindəki mənbələrimə istinadən deyə bilərəm ki, səfir Litzenbergeri hazırkı administrasiyada barmaqla göstərirlər. Belə ki, o, Vaşinqtonun hərbi və siyasi dəhlizlərində diplomatik yaradıcılıq qabiliyyəti və təmkini ilə ad çıxarıb”. Jurnalistin dediyinə görə, reallıqda diplomatik çevrələr onu dövlət katibinin baş məsləhətçisi və departamentin hərbi-siyasi məsələlər üzrə qeyri-rəsmi sözçüsü kimi təqdim edirlər. Belə ki, o, təkcə çalışdığı büronun strategiyasını müəyyənləşdirmir, həm də diplomatik heyətin formalaşdırılması və ən başlıcası, ortaya çıxarılan “məhsulun” digər nazirliklərlə, məsələn, Pentaqonla koordinasiyası işinə rəhbərlik edir.

O, daha sonra bunları deyib: “Bu, ABŞ diplomatiyası tarixində, necə deyərlər, bir ilkdir. Vaşinqtonun siyasi mətbəxinə bələd olanlar yaxşı bilirlər ki, adətən Pentaqonla Dövlət Departamenti Birləşmiş Ştatların xarici siyasətinə münasibətdə, daha doğrusu, müttəfiqlərlə dostların seçilməsində bir-biri ilə toqquşma mühitində fəaliyyət göstərirlər, hərçənd ki, səfir Litzenberger bu ilin yazında Vaşinqtondakı ictimai tədbirlərdən birində ABŞ-ın xarici təhlükəsizlik yardımlarının effektinə dair bir çıxışı ilə nəinki analitiklərin diqqətini çəkmişdi, həm də iki dövlət qurumu arasında bu tarixi fikir ayrılığına son qoya bilib.

Qaldı ki, “böhran diplomatiyasına”, yeni səfirin siyasi karyerasına yaxından nəzər salanda görünür ki, o, adətən ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada sülhyaratma siyasətinə yaxından cəlb olunub. Diplomatiyada yüksəldiyi ən yüksək postlarından biri də bu yaxınlaradək ABŞ-ın NATO-dakı nümayəndəliyinə faktiki rəhbərlik etməsi olub ki, bu da Vaşinqtonla Brüssel arasında siyasi gərginliyin böhran həddinə çatdığı vaxta-prezident Trampın Şimal Alyansını hədəfləyib, qaraladığı dövrə təsadüf edib".

“Litzenberger bu posta təsdiqlənərsə Azərbaycan NATO istiqamətinə yönəlməsi üçün hansısa addımlar ata bilərmi” sualına isə jurnalist belə cavab verir: “Əvvəlcə onu xüsusi vurğulayaq ki, səfir Litzenberger NATO-da ABŞ missiyasına faktiki rəhbərliyi dövründə Vaşinqtonun Alyansla bağlı siyasətini müəyyənləşdirib icra edən ən yüksək səviyyəli peşəkar idi. Öz ölkəsini NATO ilə münasibətlərində böhrandan çıxarmağı bacarmış bir diplomatın məhz indi Bakıya göndərilməsi, əlbəttə, diqqətçəkən məqamdır. İlk növbədə, Litzenberger Azərbaycan hakimiyyətinə və xalqına NATO ilə münasibətlərin əhəmiyyətini, eləcə də ondan uzaq düşüb Rusiyaya və onun hərbi blokuna baş qoşmağın ölkə üçün mümkün acılarını, necə deyərlər, birinci əldən xatırlada biləcək”.

Jurnalist-ekspertin dediyinə görə, səfir Litzenberger əvvəlki fəaliyyəti dövründə hər zaman Rusiyanın öz qonşuluğunda həyata keçirdiyi hərbi “kökə” və “kötək” siyasətini açıq şəkildə tənqid edib, həmçinin Rusiyaya qarşı sərt xəttin yürüdülməsinin tərəfdarıdır.

Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan, Rusiyaya qarşı sərt xəttin yürüdülməsinin tərəfdarlarından biri kimi tanınan diplomatın Azərbaycanda səfir kimi fəaliyyəti dövründə Bakıya problemlər meydana çıxa bilərmi?


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, belə bir diplomatını Azərbaycana səfir təyin etməsi ondan xəbər verir ki, Vaşinqton bölgədə Rusiyanın hegemon siyasət yürütməsindən narahatdır. Amerika Cənubi Qafqazda və Azərbaycanda mövqelərini gücləndirmək istəyir. Bunun üçün münbit zəmin də var: “Vaşinqton Azərbaycanın təhlükəsizliyinə önəm verir, Azərbaycanın iştirakçısı olduğu boru xətləri layihələrini, o cümlədən Azərbaycan qazının Avropaya çatdırılmasını dəstəkləyir. Rusiyanın sərt tənqidçisini Azərbaycana səfir təyin etməsi bizə problem yaratmaz. Tam əksinə, bizim də arzumuz odur ki, bölgədə hansısa bir dövlət hegemon olmağa çalışmasın, başqaları da Cənubi Qafqazda fəal siyasət yürütsün ki, rəqabət mühiti formalaşsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.