Ziya Məmmədovun işdən çıxarılacağı gün bilindi: OKTYABRIN 20-DƏ SƏRƏNCAM OLACAQ

16-10-2015, 23:33           
Ziya Məmmədovun işdən çıxarılacağı gün bilindi: OKTYABRIN 20-DƏ SƏRƏNCAM OLACAQ
Nəqliyyat naziri Ziya Məmmədovla bağlı son və gözlənilən qərarın verilməsinə günlər qalıb.

Bunu Savash.org-a hökumət içindəki informasiyalı mənbə bildirib. Onun sözlərinə görə, nəqliyyat nazirinin səlahiyyətlərinin bir-birinin ardınca əlindən alınmasından sonra o faktiki olaraq səlahiyyətsiz qalıb. İndi nəqliyyat naziri olaraq Ziya Məmmədovun hansı məsələlərə nəzarət etməsi heç özünə də məlum deyil: "Bütün bunlar isə Ziya Məmmədovun "vurulması"na hesablanmış son addımlar idi. Nazirin özünə və yaxınlarına məxsus biznes obyektlərinin də tam olaraq nəzarətə götürülməsi prosesin finala yaxınlaşmasından xəbər verir. Artıq mediada Ziya Məmmədovla bağlı məsələ eninə-uzununa ictimailəşdirilib və onun vəzifədən çıxarılması cəmiyyətdə heç də təəccüblə qarşılanmaz".

Mənbəmiz iddia edir ki, artıq nəqliyyat nazirinin vəzifədən çıxarılacağı gün də dəqiqləşib: "Məlum olduğu kimi, Ziya Məmmədov sentyabrın 16-dan məzuniyyətə çıxıb və ya onun ortalıqda görünməməsinə belə bir ad qoyulub. Nazirin "məzuniyyət sürgünündən" isə oktyabrın 22-də qayıdacağı gözlənilir. Amma onun məzuniyyətinin bitməsinə iki gün qalmış, yəni oktyabrın 20-da Ziya Məmmədovun vəzifədən azad ediləcəyi qətiləşdirilib".

Nazirin bundan sonrakı taleyinin necə olacağına gəlincə isə mənbəmiz Ziya Məmmədovun həbs olunacağı ehtimalını inandırıcı saymır: "Hazırda Ziya Məmmədov tam təhlükəsiz hala gətirilib və o, indiki statusu ilə hakimiyyətdəki heç bir qüvvəyə təhlükə törətmir. Prosesləri diqqətlə izləyənlər də fərqindədir ki, Ziya Məmmədov ətrafında baş verənləri kifayət qədər soyuqqanlı qarşıladı və heç bir müqavimət göstərmədi. Odur ki, onun bəzilərinin iddia etdiyi kimi həbs olunacağını gözləmirəm. Əksinə onun vəzifədən mükafatlandırılaraq uzaqlaşdırılacağı daha inandırıcı görünür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.