Gədəbəy Rayon İcra Hakimiyyəti: - “Oqtay Əliyev böhtan atır...”
29-10-2015, 19:59
Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) rayon sakini Əliyev Oqtay İbrahim oğlunun iki ilə yaxındır bəzi mətbuat orqanlarında dalbadal yer alan eyni məzmunlu şikayətləri ilə bağlı rəsmi açıqlama yayıb.
RİH hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərovun adından mətbuata yayılan açıqlamada deyilir ki, müntəzəm olaraq bəzi KİV-lərdə, internet saytlarında özünü “hüquqları pozulmuş sahibkar” kimi təqdim edən Oqtay Əliyevin Gədəbəy RİH başçısı və rayonun məsul vəzifəli şəxsləri haqqında “həqiqətə uyğun olmayan böhtan xarakterli iddiaları” dərc olunur.
“İndiyədək bəzi KİV-lərin səhifələrində rayon rəhbərliyi barədə dəfələrlə əsassız iddialar irəli sürən Oqtay Əliyev oktyabrın 28-də öz iddialarını Bakıda keçirdiyi mətbuat konfransında bir daha səsləndirib. Guya ona məxsus obyektin qanunsuz olaraq sökülməsini və icra hakimiyyətinin məsul şəxslərinin ondan rüşvət tələb etdiyini iddia edib” - deyə açıqlamada bildirilir.
İcra hakimiyyətindən yayılan açıqlamada daha sonra deyilir ki, Bakı şəhər sakini, özünü sahibkar kimi təqdim edən Əliyev Oqtay İbrahim oğlu Gədəbəy rayon Meşə Mühafizə və Bərpası Müəssisəsinin Qalakənd meşəçiliyinin 21 və 22-ci kvartallarında ərazi icarəyə götürüb. Həmin icarə müqaviləsində ancaq yüngül konstruksiyalardan müvəqqəti obyektin tikintisinə icazə verildiyi halda bu şəxs heç bir rəsmi icazə olmadan, Nazirlər Kabinetinin 30 oktyabr, 1998-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrində elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatlarının ehtiyacları üçün istifadə qaydaları”nın 3-cü bəndinin tələblərini kobud şəkildə pozaraq və ərazinin flora-faunasını məhv edərək əsaslı tikinti işləri aparıb.
Bu şəxsin inşa etdiyi qanunsuz tikililərin sökülməsi ilə bağlı Gədəbəy RİH və Gədəbəy rayon Meşə Mühafizə və Bərpası Müəssisəsi birgə məhkəmə iddiası qaldırıb. 02 mart, 2015-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsi iddianın təmin olunması barədə qətnamə çıxarıb.
Məhkəmənin qətnaməsi Gəncə Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin mülki kollegiyası tərəfindən təsdiq edilib.
“Ancaq Əliyev Oqtay İbrahim oğlu öz şəxsi maraqlarını həyata keçirmək üçün heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan bir neçə şəxsi ələ alaraq rayon rəhbərliyinin və RİH başçısının məsul vəzifəli şəxsləri haqqında yalan və böhtan xarakterli məlumatlar yaymaqla məşğul olurlar. Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayevin və şöbə müdirinin müavini Rüstəm Nağıyevin ondan yüksək məbləğdə rüşvət tələb etməsi barədə ərizəsi Gədəbəy Rayon Prokurorluğunda araşdırılaraq faktlar sübuta yetmədiyinə görə cinayət işinin başlanması rədd edilib”- açıqlamada deyilir.
İcra hakimiyyəti bildirir ki, Oqtay Əliyevin “hüquqları pozulmuş sahibkarlar” kimi ətrafına yığdığı şəxslərin əksəriyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məsələn, onlardan biri - Cəfərova Sahibə Əli qızının problemi anasından qalmış miras əmlakla (fərdi yaşayış ev və torpaqla) bağlıdır.
“Bu şəxslər özlərini sahibkar adlandıraraq ölkə rəhbərinin tapşırıq və göstərişlərindən sui-istifadə edir, sahibkarlıqla heç bir əlaqəsi olmayan şəxsləri dolayı yolla ələ alaraq müxtəlif mətbuat orqanlarında haqsız olaraq ictimaiyyətə, rayon rəhbərliyinə qarşı haqsız tələblərlə çıxış edirlər. Onların Gədəbəy RİH rəhbərliyinə qarşı apardıqları kampaniyada adları “MTN işi”inə qarışan bəzi reket saytlar və qəzetlər də iştirak edir” - açıqlamada deyilir.