Azyaşlı ürək xəstəsi üçün yığılan pulu ələ keçirən şəxsə cinayət işi açıldı
6-11-2015, 15:20
Bakıda 5 yaşlı ürək xəstəsi üçün yığılan pul vəsaitini aldadaraq ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb.
Bu barədə “Report”a zərərçəkən Baxşəli Cabbarovun etibarnamə üzrə nümayəndəsi Rövşanə Rəhimli məlumat verib.
Onun sözlərinə görə, B.Cabbarov qonşusu Şahbazov Mübariz Ağabəy oğlu tərəfindən aldadılıb: “Mübariz Şahbazov Baxşəli Cabbarovdan əməliyyat xərci adı ilə üç min manat məbləğində pul alaraq qaytarmayıb. Baxşəli Cabbarovun 5 yaşlı nəvəsi Mirhüseyn Cabbarov uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Uşağın valideynləri Bakıda bir neçə xəstəxanaya müraciət etdikləri zaman xəstəxanaların birində əməliyyatın xərcinin təxminən on min manat olduğu bildirilib.
Ailənin əməliyyat xərclərini qarşılamağa imkanı çatmadığından, həmin əməliyyat üçün Gürcüstan Respublikasına üz tutublar. Lakin Gürcüstandakı klinikaların birində əcnəbi vətəndaşlar üçün bu tip əməliyyat qiymətlərinin baha olduğu bildirilib. Beləliklə də Baxşəli Cabbarov nəvəsinin Bakıda əməliyyat olunması üçün pul toplamağa davam edib. Günlərin birində o, evə gələrkən yaşadığı məhəllənin yaxınlığında qonşusu hesab olunan Mübariz Şahbazovla rastlaşıb. Söhbət əsnasında Mübariz Şahbazov uşağın vəziyyəti ilə maraqlanıb.
Ümumi vəziyyəti babasından öyrəndikdən sonra şəxsi əlaqələri vasitəsi ilə uşağı pulsuz əməliyyat etdirə biləcəyini deyib. Bunun üçün isə sadəcə teleqram və müraciətlərə xərc çıxacağını,əməliyyat edən cərraha kiçik məbləğdə pul veriləcəyini bildirib. Bununla razılaşan baba nəvəsinin əməliyyat olunması üçün əlində olan 3000 manatı verməyə hazır olduğunu bildirib”.
M.Şahbazov üç ay ərzində hər dəfə müxtəlif səbəblər göstərərək pulu hissə-hissə B.Cabbarovdan alıb, ən qısa zamanda uşağın əməliyyat olunacağına söz verib. B.Cabbarov onunla əlaqə saxlayan zaman isə o, hər dəfə uşağın növbəti ayın 15-i tarixində əməliyyat olunacağını deyib. Lakin üstündən 10 ay keçməsinə baxmayaraq M.Şəhbazovun verdiyi vədlər özünü doğrultmayıb. B.Cabbarov M.Şahbazovdan verdiyi 3000 manat pulu geri tələb etsə də, o, pulu xərclədiyini ve geri qaytara bilməyəcəyini deyib.
M.Şahbazovun hərəkətləri ilə bağlı onun nümayəndəsi Daxili İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb.
Məsələ Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb. M.Şahbazovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, beş yaşlı Mirhüseyn Cabbarov bir neçə gün öncə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində ürək əməliyyatı keçirib və hazırda stasionar müalicə alır.