Eldar Mahmudovun qohumu AzTV-dən qovuldu...
14-11-2015, 00:34
AzTV-nin Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov tutduğu vəzifədən azad edilib.
Bildirilir ki, N.Axundovun vəzifədən azad edilməsi “MTN işi” ilə bağlıdır. Belə ki, o, bir müddət əvvəl ciddi nöqsanlarla vəzifəsindən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur: “Nadir Axundov Eldar Mahmudovun yeznəsidir. Daha dəqiqi, onun bibisi qızı ilə ailəlidir. Bu qohumluq əlaqəsindən istifadə edən departament rəhbəri AzTV-də hegemonluğu ələ keçirmişdi. Hətta Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqəsi üzərində də bildiyini edirdi”.
Mənbə onu da qeyd edib ki, AzTV-də xeyli ixtisarlar olub: “Müsabiqə lauretları ilə müqavilə bağlanmışdı, televiziyanın solisti kimi fəaliyyət göstərirdilər. Müqavilənin əcaib tərəfi o idi ki, mükafatçılar başqa televiziyalara çıxa bilməzdilər. Gənclərə özlərini tanıtmaq üçün ancaq və ancaq AzTV-yə çıxmağa icazə vardı, o da ayda-ildə bir dəfə. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, nəticəsi olmamışdı. Son günlər isə xanəndələrin qadağanı pozması müşahidə olunurdu. Onlar tez-tez başqa televiziyalarda verilişlərə çıxırdılar. Buna görə hətta onlardan bir neçəsininj AzTV-yə gəlişi Nadir Axundov tərəfindən qadağan edilmişdi. Bu gün isə (noyabrın 12-də-red) bütün müsabiqə iştirakçıları ilə sözügedən müqavilələr pozuldu. Onlara sərbəstlik verildi və bildirildi ki, Dövlət Televiziyasında əvvəlki kimi səsyazma və s. üçün şərait yaradılacaq, lakin onlar artıq solist deyillər və maaş almayacaqlar. Beləliklə, onlarla solist işindən azad edildi”.
Qeyd edək ki, mənbəmiz N.Axundovun işdən çıxarılması ilə bağlı xəbərin yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.(afn.az)