Azərbaycanın xaricdən borc almağa hazırlaşdığı bir vaxtda pis xəbər gəldi...

25-01-2016, 13:42           
Azərbaycanın xaricdən borc almağa hazırlaşdığı bir vaxtda pis xəbər gəldi...
Azərbaycanın mövcud iqtisadi çətinliklərin öhdəsindən gələ bilmək üçün xarici maliyyə bazarlarından vəsait cəlb etməyə hazırlaşdığı bir vaxtda beynəlxalq reytinq agentliyi Standard & Poor’s ölkənin kredit reytinqinin aşağı salına bilcəyini elan edib.

Virtualaz.org xəbər verir ki, bunun səbəbi neftin ucuzlaşmasıdır.

Agentlik bildirib ki, ilin əvvəlindən neftin dəyərini daha 20 faizə yaxın itirməsi neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın kredit reytinqinin aşağı salınmasını qaçılmaz edir. Bundan əvvəl agentlik Azərbaycanın kredit reytinqini BBB- səviyyəsində saxlayıb, ancaq uzunmüddətli borc öhdəlikləri üzrə proqnozu “stabil”dən “neqativ”ə endirib. İndi isə gözlənilir ki, Azərbaycan, Bəhreyn, Qazaxıstan, Oman, Rusiya, Səudiyyə Ərəbistanı, Braziliya və Venesuelanın kredit reytinqlərinə yenidən baxılacaq. Əgər agentlik Azərbaycanın reytinqini aşağı salsa bu o demək olacaq ki, ölkə xarici maliyyə bazarlarından kreditləri daha yüksək faizlə cəlb edəcək.

Xəbər verildiyi kimi bu günlərdə prezident İlham Əliyev ölkədəki iqtisadi-sosial vəziyyət barədə hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirədə mövcud valyuta qıtlığını aradan qaldıra bilmək üçün xarici bazarladan vəsait cəlb edilməsinə göstəriş verib. Prezident xatırladıb ki, indiyədək Azərbaycan xarici borclar məsələsində çox ehtiyatlı davranıb və nəticədə Azərbaycan xarici borcu ən az olan ölkələr arasınadır. Hazırda ölkənin xarici borcu ÜDMin 12-14 faizinə yaxındır. İndi ölkənin valyuta gəlirlərinin kəskin azaldığı bir vaxtda bu aşağı borclanma səviyyəsi imkan verir ki, ən zəruri sahələrə kapital qoyuluşları üçün beynəlxalq maliyyə institutlarından kredit cəlb etsin. Aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini “üç B” səviyyəsində saxlaması bu kreditləri aşağı faizlə cəlb etməyə imkan verirdi.

“Nezavisimaya qazeta” yazır ki, Rusiya da kəskin valyuta çatışmamazlığı şəraitində borc götürməyə hazırlaşır. Maliyyə Nazirliyi bildirib ki, xarici bazarlardan 3 milyard dolların cəlb edilməsi planlaşdırılır. Lakin indi Rusiya da bu borcu daha yüksək faizlə cəlb etməli olacaq. Rusiyanın xarici bocu Azərbaycanla müqayisədə yüksəkdir və ÜDM-in 42 faizinə yaxındır. Sonuncu dəfə Rusiya xarici bazarlardan 2012-ci ildə vəsait cəlb edib. 2 milyard dollar məbləğində 5 illik avrobondlara görə ildə 3.3 faiz, 10 illik avrobondlara görə (2 milyard dollar) ildə 4.6 faiz, 30 illik avrobondlara görə (3 milyard dollar) illik 5.8 faiz ödəmək öhdəliyi götürüb. Ekspertlər isə hesab edir ki, hökumət kreditin daha da bahalaşdığı bir vaxtda borc götürməkdənsə ölkənin öz valyuta ehtiyatlarından istifadə etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.