Bu il İsveçrədə rekord sayda qar uçqunu baş verib

9-03-2021, 09:19           
Bu il İsveçrədə rekord sayda qar uçqunu baş verib
AZƏRTAC xəbər verir ki, Alp dağlarında dağ-xizək mərkəzləri ilə məşhur olan İsveçrədə hər il qar uçqunları bir neçə insanın həyatına son qoyur. Lakin hələ də baş çatmayan cari mövsümdə qar uçqunları son illərin orta göstəricisindən iki dəfə çox olub və indiyədək 151 uçqun hadisəsi qeydə alınıb. Qar uçqunları nəticəsində 200-dən artıq şəxs qar altında qalıb, onlardan 20 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Ekspertlərin rəyinə görə, bu il uçqunların sayının çox olması ilk növbədə yağan qar və qeyri-sabit səth strukturu ilə bağlıdır. Dekabr-fevral aylarında yağan qar payızda yağmış zəif strukturlu qar təbəqəsinin üzərinə düşüb və yeni qarın üzərində hərəkət edən qış idmançıları zəif bünövrənin sürüşməsi nəticəsində qəzalı vəziyyətlə üzləşiblər.

İsveçrə Dağ Bələdçiləri cəmiyyətinin icraçı direktoru Pyer Matye isə qar uçqunları və bu zaman baş verən ölüm hallarını təbii faktorlarla yanaşı, koronavirus böhranı ilə də əlaqələndirib. O bildirib ki, pandemiya insanların rəftarını dəyişib və insanların geniş məkan və azadlıq istəyi güclənib. Ona görə də dağlarda xizək sürən və ya turlara çıxan insanlar adi dövrlərdə ciddi əməl etdikləri qaydalara məhəl qoymurlar, məhdudiyyətlərin bol olduğu hazırkı dövrdə dağlarda özlərini azad hiss etmək istəyirlər. Eyni zamanda pandemiya dövründə tez-tez dəyişdirilən rəftar qaydaları insanları artıq yorub və dağ turlarına çıxan insanlara verilən təlimatlara əməl olunmur, çünki həddən artıq informasiya yükü mühüm informasiyanı məhv edir.

İsveçrə dağlarında qış mövsümü aprel ayına kimi davam edir. Bu vəziyyəti nəzərə alan ekspertlər dağlarda qış idmanı ilə məşğul olmaq istəyənləri ehtiyatlı olmağa və öz həyatlarını riskə atmamağa çağırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.