Lobya, kartof, çiyələk… Məhsullarla ölkəyə gətirilən xəstəliklər
5-05-2016, 00:45
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Türkiyədən gətirilmiş 750 kiloqram ərzaqlıq lobyadan götürülən nümunələrdə xəstəlik aşkarlandığına dair məlumat yayıb. Xəbərdə deyilir ki, məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobya bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib. Bu xəstəlik bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmdir.
Bundan əvvəl isə İrandan gətirilən kartoflarda, eləcə də bananda, çiyələkdə xəstəlik aşkarlanması ilə bağlı məlumatlar verilmişdi.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına açıqlamasında bildirib ki, karantin tətbiq edilən bir çox zərərvericilər Azərbaycana məhz idxal edilən məhsullarla gətirilib. “İdxal məhsullarına nəzarət istənilən səviyyədə deyil. Məsələn, əvvəllər Azərbaycanda kartof güvəsinə rast gəlinməyib. Son vaxtlar isə bu zərərvericiləri fermerlər üçün problemə çevrilib. Amma yalnız meyvə-tərəvəz məhsulları ilə zərərvericilər gətirilmir. Xaricdən alınan heyvanlarda da müxtəlif xəstəliklər aşkarlanır. Hansı ki, bu xəstəliklər əvvəllər ölkəmizdə olmayıb”,-deyə ekspert açıqlayıb.
V.Məhərrəmov onu da deyib ki, xəstəlik aşkarlanan məhsulların geni dəyişmiş orqanizmlər olması ilə bağlı deyilənlər yanlışdır: “Geni dəyişdirilmiş məhsullarda xəstəliklər aşkarlanmır. Yəni gen dəyişdiyi üçün xəstəliklər təsiredici olmur”.
Qeyd edək ki, lobyada aşkarlanan “Xanthomonas phaseoli” torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağan yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.
Onu da xatırladaq ki, hazırda ölkə bazarında 2-7 manata müxtəlif ölkələrdən gətirilən lobyalar satılır.