İcra başçısının oğlu həbs edildi
12-05-2015, 12:25
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Ələsgərli və Süleyman Əhlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib. S. Əhlimanov isə təqsirinin olmadığını deyib. Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, İ. Ələsgərli 5 il 6 ay , S. Əhlimanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.
Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi "Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.
Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev "MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.
Təqsirləndirilən İlham Ələsgərli Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.