AMEA-da ciddi qərarlar qəbul olundu, təyinatlar oldu –SİYAHI
26-05-2016, 00:24
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Strateq.az-a verilən məlumata görə, tədbirdə AMEA Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Müstəqillik dövründə Azərbaycanda dil siyasəti və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.
Alim daha sonra Dilçilik İnstitutunda görülən bir sıra işlərdən danışıb, aparılmış struktur dəyişikliklərinin Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyasına, görkəmli dilçi alimlərimizin beynəlxalq səviyyədə tanınmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə zəmin yaratdığını deyib. M.Nağısoylu institutda Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq şöbələrinin yaradıldığını bildirib. O, dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlərin aparıldığını deyib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.
Elmi-təşkilati məsələlərə gəlincə, ilk olaraq Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması (Nizami layihəsi) məsələsinə baxılıb.
Akademik Akif Əlizadə bildirib ki, beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir. Beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yarandığını deyən akademik bu istiqamətdə ötən ildən etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsinin fəaliyyətə başladığını diqqətə çatdırıb.
Müzakirələrdən sonra məsələ ilə bağlı AMEA-nın elmi qurumlarına müvafiq tapşırıqlar verilib.
Tədbirdə müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın yeni yaradılmış elmi tədqiqat müəssisələrinin strukturu haqqında olub. Rəyasət Heyətinin qərarı ilə Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Qafqazşünaslıq, Elm Tarixi institutlarının strukturu və işçilərinin say tərkibi təsdiq olunub.
İclasda "Elm və İnnovasiya" elmi-populyar proqramının təşkili haqqında müzakirələr də aparılıb.
AMEA prezidenti, akademik Akif Əlizadə son illər Akademiyada həyata keçirilən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasətin tamamilə yenidən qurulduğunu bildirib. A.Əlizadə ictimaiyyətlə elmi mühit arasında əlaqənin daha sıx və dinamik təşkili, alimlərin fəaliyyətinin KİV-də təbliği və əldə olunan elmi nailiyyətlərin elmi-populyar dildə çatdırılması məqsədi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və İnnovasiya" proqramının təsis edilməsi zərurətindən danışıb.
Rəyasət Heyəti biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağı artırmaq məqsədi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Elm və İnnovasiya" verilişinin təşkili ilə bağlı müvafiq qərar qəbul edib.
Tədbirdə baxılan növbəti məsələ də AMEA-nın Təcrübə-Dayaq məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olub. Rəyasət Heyəti Təcrübə-Dayaq məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq qərar qəbul edib.
Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi tərcümə şöbəsinin əsasnaməsinin təsdiqi, Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşının AMEA-nın Fəxri Fərmanı ilə mükafatlandırılması, o cümlədən Elmi Mərkəzin veb-portalının yaradılması və bu istiqamətdə digər işlər görülməsi ilə bağlı qərarlar qəbul edilib.
Sonra Fizika İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədovun Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna, AMEA-nın bir sıra gənc alim və mütəxəssislərinin isə Almaniyanın Maks Plank İnstitutu, Belçikanın Katolik Leuven Universiteti, ABŞ-ın elm və təhsil mərkəzlərinə göndərilməsi ilə bağlı qərar qəbul olunub. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Akademik Murtuza Nağıyev qiraətləri" adlı tədbirlərin təşkilinə qərar verilib.
Tədbirdə akademik Adilə Namazovanın 90, AMEA-nın müxbir üzvləri – Qalib Əfəndiyev və Möhsün Nağısoylunun 70 illik yubileylərinin keçirilməsi, həmçinin Şamaxı Astrofizika Rəsədxanası, Aşqarlar Kimyası, Polimer Materialları, Dilçilik və Folklor institutlarında Təhsil şöbələrinin, Ədəbiyyat İnstitutunda Asiya xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan Özbəkistan ədəbi əlaqələri şöbələrinin yaradılması, Qeyri-üzvi Kimya, Tarix və Əlyazmalar institutlarının strukturlarında isə qismən dəyişiklik edilməsi qərara alınıb.
Sonda bir sıra kadr məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Beləliklə, riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənova Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, Mədinə Səidova İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, Solmaz Rzayeva Polimer Materialları İnstitutunun elmi katibi, Adilə Səidova Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi, Zərnurə Həmidova Coğrafiya İnstitutunun elmi katibi, Bəxtiyar Məmmədov isə Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub.