Təbrizdə qaçaqmalçılıqla əlaqədar iki məhkum edam edilib

5-08-2024, 08:34           
Təbrizdə qaçaqmalçılıqla əlaqədar iki məhkum edam edilib
İranda aprel ayında rekord həddə çatan, lakin prezident seçkiləri dönəmində nisbi şəkildə azalan edam hökmlərinin icrası yenidən artmağa başlayıb. Hüquq müdafiəçiləri keçən bir neçə gün ərzində Təbriz daxil olmaqla İranın bir neçə şəhərində ölüm cəzalarının tətbiq olunduğuna dair məlumat yayıblar.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (İHR) xəbərinə görə, Təbrizdə iki məhkum şənbə günü səhər saatlarında şəhərin mərkəzi həbsxanasında dar ağacından asılıblar.

Hüquq müdafiə qurumu edam olunanların 30 yaşlı Hüseyn Salehi və 37 yaşlı Murtəza Seyfzadə olduqlarını açıqlayıb. Salehi və Seyfzadə daha əvvəl narkotik qaçaqmalçılığı ilə əlaqədar açılan eyni məhkəmə işində edam cəzasına məhkum olunmuşdular.
“Bir uşaq atası olan Seyfzadə həbs olunmadan əvvəl Tehran-Təbriz xəttində avtobus sürücüsü olub. Hüseyn Salehi isə əslən Həştrud (Sərəskənd) şəhərindən idi,” İHR bildirib.

Keçən bir neçə gün ərzində Xorasan, Bəluçistan və Luristan vilayətlərində də edam hökmləri icra olunub.

İranda iyulun 5-də prezident seçkilərinin ikinci turu başa çatdıqdan sonra ölüm cəzalarının icrası yenidən artıb. Aprel ayında rekord həddə çatan edam hökmlərinin tətbiqində mayın 19-da İbrahim Rəisinin ölümündən sonra növbədənkənar prezident seçkilərinin başa çatmasına qədər olan müddətdə nisbi azalma müşahidə olunmuşdu.

IHR təşkilatının yaydığı məlumata görə, İran höküməti iyul ayında azı 49 məhkumun ölüm cəzasını tətbiq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.