“Zəng edib deyirdilər ki, arvadın bizdən pul alıb” - Sabiq polis rəisi

10-12-2016, 17:53           
“Zəng edib deyirdilər ki, arvadın bizdən pul alıb” - Sabiq polis rəisi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə L.Əkbərovanın əri Mahir Əkbərov dindirilib. Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərov ifadə verərək bu söz-söhbətlərdən sonra, yəni 3 il əvvəl arvadından boşandığını deyib: "Mən heç kimi işə düzəltməmişəm, belə vədlər də verməmişəm, heç kimdən də pul almamışam. Bunlar hamısı yalan, böhtandır. Böyük qızım Anarənin qardaşı ilə nişanlanmışdı, oğlan işsiz idi. On min manat verib kreditə onun üçün maşın aldım. Sonra gördüm avaralıq edir, maşını əlindən aldım, hələ də onun kreditini ödəyirəm.

Sonradan Leylanın kimlərdənsə pul alması məsələsi üzə çıxdı, bunlar məni bezdirdi, boşandım. Amma yenə adamlar zəng edirdi ki, arvadın bizdən pul alıb. Bəzilərinin pulunu qaytardım. Evi də Leylaya verdim, uşağımın biri əlildi, ona qulluq etməsi üçün aylıq 1000 manata adam tutmuşam. Banklara da nə qədər borcum var".

Zərərçəkmiş Dəyanət Məmmədov isə ikinci ali təhsil almaq üçün M.Əkbərova "Arpaçay" kafesində 12 min manat verdiyini deyib: "Sübut üçün telefon danışıqları, yazışmalar var. Anası da bu işdə bizə kömək edəcəkdi. Mahir işi düzəldə bilmədi, dedi ki, sən yaxın adamsan, pulu restoranın sənədlərini düzəltməyə verdim".

A.Məmmədovanın vəkili Vasif İsrafilov D.Məmmədov və M.Əkbərov arasında olan "Whatsapp" yazışmalarını məhkəməyə təqdim edib. Hakim bildirib ki, həmin sənədlərin əsaslı olduğunu araşdırandan sonra cinayət işinin materiallarına əlavə edilib-edilməməsinə qərar veriləcək.

Növbəti iclasda şahid qismində M.Əkbərovun qızı Fidan və anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail Rayon Şöbəsində sektor müdiri Nigar Əkbərova dindiriləcək.

Məhkəmə prosesi dekabrın 15-də davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.