Mehman Hüseynovun saxlanacağı yer dəyişdirildi – YENİLƏNİB

3-03-2017, 20:24           

Bu gün 2 il müddətə azadlıqdan məhrum edilən həbs edilən bloqçu Mehman Hüseynovun saxlanacağı yer dəyişdirilib. Bu barədə Lent.az-a onun yaxınları məlumat verib. Mehman Hüseynov Şüvəlanda yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

****

14:26
Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb. Bu barədə Lent.az-a vəkil Elçin Sadıqov məlumat verib. Vəkil əlavə edib ki, hökmlə bağlı sənədi əldə etdikdən sonra Suraxanı rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.

*****
13:43
Tanınmış bloqçu Mehman Hüseynov həbs edilib.
Suraxanı rayon Məhkəməsi onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib. Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.
Dövlət ittihamçısı Mehman Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib, məhkəmə qısa məşvərətdən sonra onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.