Jurnalistdən ittiham - Akademik Çingiz Qacar bizi küçə ifadələri ilə təhqir edib

14-03-2017, 09:10           

Xəbər verdiyimiz kimi bu günlərdə türkləri təhqir edən fikirləri ilə gündəmə gələn akademik Çingiz Qacar həmin müsahibəsi ilə bağlı xalqa məktubla müraciət edib. Akademik məktubunda ondan müsahibə götürən jurnalistin, onun fikirlərini təhrif etdiyini bildirib.

Müsahibəni götürmüş Publika.az saytının əməkdaşı Vasif Həsənli isə Turkustan.info-ya açıqlamasında akademikin çıxışını diktafona yazıldığı kimi verdiyini bildirib.

"Qocaman akademik öz məktubunda "küçə ifadələri” ilə bizi də təhqir edir. İddia edir ki, guya o bizə müsahibə verməyib, "Azərbaycanın ən böyük düşməni türklər olub” ifadəsini işlətməyib, səsini isə ondan xəbərsiz yazmışıq. Ancaq o unudur ki, müsahibəsinin əvvəldən sonadək olan səs yazısı, müsahibə əsnasında çəkilən fotoları var. Əvvəlcədən ona telefonla zəng edib, müsahibənin vaxtını təyin etmişik. Özü mənə deyib ki, saat 13:00-da AMEA-nın Fizika İnstitutunda olarsan. Deyilən vaxtda da orada olmuşuq. Mən ora gedəndə Çingiz Qacar nahar fasiləsində idi. Orada təqribən 1 saata yaxın onu gözləmişik. Sonra məni və fotoqraf Elçin Muradı otağına dəvət edib. Əvvəlcə müsahibə vermək istəmirdi, amma sonra müsahibəyə razılıq verib. Mən bunu müsahibənin əvvəlində də qeyd etmişəm. İndi akademik iddia edir ki, ümumiyyətlə o, bizə müsahibə verməyib. Axı bu necə ola bilər? Bəs müsahibə əsnasında çəkilən fotolar, sizə suallarım, ona verdiyiniz cavablar, ara-sıra müsahibənin hansı saytda dərc olunacağı barədə mənə verdiyiniz suallarınız! Hörmətli akademik, bəs müsahibə necə olmalıdır?”
V.Həsənli deyir ki, müsahibə saytda yayımlanandan sonra Çingiz Qacarın ailə üzvləri olan iki nəfər xanım onların redaksiyasına gəlib: "Onlar da akademikin "Azərbaycanın ən böyük düşməni türklər olub”, "Türklər Gəncədə və Təbrizdə qırğınlar törədib” və digər bu kimi ifadələrinin səs yazısını dinlədilər. Hətta, bizə Çingiz Qacarın təkzib açıqlamasını da göndərəcəklərini bildirdilər. Bütün bunlardan sonra bu gün Çingiz Qacarın guya haqlı imiş kimi xalqa məktub ünvanlaması və orada bizi aşağılaması məni təəccübləndirdi. Əslində, hamı akademikin xalqdan üzr istəyəcəyini gözləyirdi. Yəqin ki, səs yazısı yayılandan sonra xalqdan üzr istəyəcək”!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.