Gədəbəydə mədəndən qızıl əvəzinə mis çıxdı:Xarici şirkət işləri dayandırdı - AÇIQLAMA

24-04-2017, 13:28           

"Anglo Asian Mining" bu yaxınlarda Gədəbəydə mədən əməliyyatlarına hərtərəfli strateji baxış keçirib. Buna səbəb açıq quyudan çıxarılan qızılın əyyarının azalması və uğurlu tədqiqat proqramıdır ki, bu proqram nəticəsində şirkət "Uğur" yatağını kəşf edib.

Bunu "Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Reza Vəziri deyib.

Onun sözlərinə görə, 2017-ci ildə hərtərəfli tədqiqat proqramı və hasilatın optimallaşdırılması həyata keçiriləcək. "Eyni zamanda, ilin sonunadək "Uğur" yatağında yeni açıq quyudan filiz hasilatına başlanacaq. Bu yaxınlarda açıq quyudan hasil olunan filizin tərkibində daha əvvəlki hasilatla müqayisədə qızılın əyyarının aşağı, misin əyyarının isə yüksək olduğunu gördük. Buna görə də filiz mənbəyində misin bölgüsünü daha yaxşı anlamaq, mənbəyi və ehtiyatları müəyyən etmək üçün hərtərəfli tədqiqat proqramının həyata keçirilməsinə və hasilatın optimallaşdırılmasına qərar verilib. Buna görə də açıq quyuda hasilat 2017-ci ilin ikinci rübündən müvəqqəti dayandırılacaq. Cari ilin qalan müddətində isə təxminən 15 min metrədək qazma işləri aparılacaq. Açıq quyudan hasilatın 2018-ci ilin birinci rübündən bərpa olunacağı gözlənilir", – deyə R. Vəziri qeyd edib.

R. Vəziri əlavə edib ki, quyuda hasilatın müvəqqəti dayandırılması nəticəsində bu il hasilat ötən iki il ərzindəki hasilatla müqayisədə daha az olacaq və şirkət bunu builki hasilat hədəflərinə daxil edib: "Buna baxmayaraq, bütün bunlar mis hasilatının artırılması ilə kompensasiya olunacaq və biz əminik ki, bu il həyata keçirəcəyimiz təşəbbüslər şirkətin gələcəkdə davamlı inkişafı əsasını qoyacaq. 2017-ci il ərzində səhmdarlarımızın yeniləcəyini səbirsizliklə gözləyirəm".(APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.