Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb

24-04-2017, 19:31           
Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb
Xəbər verildiyi kimi “Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramova ötən şənbə günü öz iş otağında ölü tapılıb. 62 yaşlı qadının başından endirilən zərbələrlə qətlə yetirildiyi məlum olub. Habelə filialın direktor müavini Vidadi Vəliyev şirkətin ofisinin damından yıxılaraq başından xəsarət aldığını deyib, xəstəxanaya yerləşdirilib.

Bu müəmmalı qətl və xəsarət alma olayı ilə bağlı bəzi yeni təfərrüatlar məlum olub.

FaktXəbər-in “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, Tovuz rayon Polis İdarəsindəki mənbələr bildirib ki, qətl günü Raya Bayramovanın kabinetində onun 52 yaşlı mühasibi olub. Mühasib bir neçə sənədləri imzalamaq üçün direktora verib və gedib. Sonra nə baş verdiyini isə heç kim bilmir.

Artıq üç gündür ki, Tovuz rayonunun istintaq tədqiqatçıları “Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz filialının direktoru, öz kabinetində vəhşicəsinə öldürülən 1956-cı il təvəllüdlü Raya Bayramovanın sirli qətlinin üstünü açmağa çalışırlar. Qatil hələ həbs olunmasa da, cinayətdə şübhəli bilinən şəxsin olması artıq tapmaca deyil.

Qanun keşikçiləri cinayətin Aqata Kristinin detektiv romanlarının süjetini xatırlatdığını deyirlər. Tovuzda bu müəmmalı qətlin üstünü aça bilən “Şerlok Holms” tapılacaqmı, hələ məlum deyil.

R.Bayramova şənbə günü səhər saatlarında öz kabinetində ölü tapılıb. Amma araşdırmalar nəticəsində aydın olub ki, qadının cümə günü öldürülüb. Kabinetin divarları və Bayramovanın iş stolu qana bələnib. Döşəmədə qadının cansız bədəninin yanında qırmızı kərpicin qırıntıları olub. Güman edilir ki, qatil əvvəlcə dəfələrlə qadının başını masaya vurub, sonra isə kərpiclə zərbələr endirib. Bundan sonra qatil şirkətin birmərtəbəli binasının qapısını çöldən bağlayıb və gizlənməyə müvəffəq olub.

İstintaq araşdırması zamanı məlum olub ki, R.Bayramova cümə axşamı günorta saatlarında işə gəlib. Həmin gün toy məclisinə baş çəkdiyindən işə gec gedib. Filialın mühasibi isə ondan təxminən 20 dəqiqə sonra işə gəlib. Bu görüntülər ofisin girişində quraşdırılmış video-müşahidə kamerası ilə qeydə alınıb.

Şirkətdə beş nəfər işləyir. Onlarda ikisi həmin gün ASAN xidmətdə işdə olublar. Qətl günündə R.Bayramovanın kabinetində onun müsahibi olub. Mühasib Raya Bayramovaya imzalamaq üçün bir neçə sənəd verib və dediyinə görə, bundan sonra ofisi tərk edib. Mühasibin adı hələlik açıqlanmır. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, R.Bayramovanın iş yeri dəmiryolunun kənarında, adamların az olduğu ərazidə yerləşir. Buna görə ola bilsin hadisə zamanı ofisdən səs-küy gəlsə də eşidən olmayıb.

Həmin gün R.Bayramovanın yaxınları onu axtarıb. Onlar qadının Gürcüstana getdiyini düşünüblər. Çünki qətldən bir neçə gün öncə R.Bayramova Gürcüstana gedəcəyini deyibmiş. Yaxınları filialın qapısını yoxlayıblar, bağlı olduğunu görüncə onun Gürcüstana getdiyini düşünüblər. Amma həftənin şənbə günü qadının xarici pasportu yaşadığı evdə tapılıb. Bundan sonra yaxınları polisə müraciət ediblər.

Maraqlı faktlardan biri də budur ki, filialın giriş qapısının açarının bir nüsxəsi mühasibdə olub. Tədqiqatçılar açar barədə soruşduqda müsahib onu çoxdan itirdiyini deyib. R.Bayramovaya məxsus açar isə onun çantasından tapılıb. Digər bir məqam isə mühasibin işə getmədən öncə yaxınlıqdakı kafelərdən birində spirtli içki içməsi olub. Bunu həmin kafedə olanlar təsdiq ediblər.

R.Bayramovanın niyə və hansı səbəbdən öldürülməsini demək çətindir. Hazırda istintaq tədbirləri davam edir.

Şənbə günü səhər saatlarında kəllə-beyin travması alan və Tovuz rayon xəstəxanasına çatdırılan R.Bayramovanın müavin Vidadi Vəliyev isə filialın binasından yıxıldığını deyib. Müavin istintaqçıları inandırmağa çalışıb ki, Raya Bayramovanın aqibəti ilə maraqlanmaq üçün şirkətin damından direktorun kabinetinə düşmək istəyib.

Lakin istintaq V.Vəliyevin qətl barədə məlumatlı olmasını istisna etmir. V.Vəliyev ilkin izahatında şirkətə daxil olmaq istədiyini, lakin qapı bağlı olduğu üçün binanın damına qalxdığını və yıxılaraq xəsarət aldığını göstərib.

O da məlum olub ki, Raya Bayramovanın oğlunun da ifadəsi alınıb. O, ifadəsində deyib ki, anası iki gündür evə gəlmirdi və iş dalınca Gürcüstana getdiyini düşünüblər.

Qətli araşdıran müstəntiq Rəşadət Orucov isə virtualaz.org-a istintaqla bağlı açıqlama verməkdən imtina edib. O, Baş prokurorluğun mətbuat xidmətinə müraciət etməyi məsləhət görüb. Polisdəki mənbələr isə deyiblər ki, hələlik qətlin motivlərini müəyyənləşdirmək və cinayətin üstünü açmaq üçün ip uclarını əldə etmək mümkün olmayıb. Və hadisə doğrudan da xeyli müəmmalıdır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.