Gürcüstanda məşhur azərbaycanlı cərrah həbs olundu – YENİLƏNİB
24-05-2017, 18:36
İki gün əvvəl Gürcüstanda polis tərəfindən saxlanılan “Lanset” Tibb Mərkəzinin təsisçilərindən biri, professor, tanınmış cərrah Fərman Ceyranlı haqqında məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib.
teref.az APA-ya istinadən xəbər verir ki, hazırda işlə bağlı ibtidai istintaq hərəkətləri həyata keçirilir.
F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Məlumata görə, 2016-cı ildə onun klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirilib. Əməliyyatlar nəticəsində 2 xəstə dünyasını dəyişib. Klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə “Lanset”in lisenziyası ləğv edilib.
Qeyd edək ki, F. Ceyranlının həmtəsisçisi olduğu Tibb Mərkəzi 3 ildir, fəaliyyət göstərir.
Tibb Mərkəzində Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, İran və ərəb ölkələrində, eləcə də Şərqi Avropanın klinikalarında fəaliyyət göstərən həkimlər müxtəlif əməliyyatlar həyata keçirirlər.
23.05.2017 (12:55)
“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.
Oxu.Az xeber.ge-yə istinadən xəbər verir ki, həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır. Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.
Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyatı baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək.
Hazırda o, Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.
Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə institutu bitirib və sonra 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.