Ana və 5 yaşlı oğlunu avtomobillə vurub öldürən sürücü saxlanıldı - FOTO

15-07-2017, 10:32           
Ana və 5 yaşlı oğlunu avtomobillə vurub öldürən sürücü saxlanıldı - FOTO
Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb.

Regionxeberleri.com APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub.

O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun "QAZ 3110" markalı avtomobilini idarə edərək Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkət edirmiş. Qarşısındakı avtomobil dayanaraq piyadalara yol verən zaman İ. Şərifov yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən Abbasov Altay 11 yaşlı oğlu ilə dayansalar da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Abbasova Aynurə qucağında 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə avtomobil onları vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 2012-ci il təvəllüdlü Abbasov Məhəmməd xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü İ. Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq aralıda olan Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.