Keçmiş MTN polkovnikinə hökm oxunub - 4 il müddətinə azadlıqdan məhrum edilib

7-08-2017, 13:43           
Keçmiş MTN polkovnikinə hökm oxunub - 4 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və onun evindən götürülmüş pul M.Əsgərovun özünə qaytarılmalıdır.
Xatırladaq ki, prokuror çıxışında M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı V.Quliyev söyləyib ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və M.Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: "Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib. Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır".
Prokuror əlavə edib ki, M.Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.