Bakıda “Niva” ilə qadını sürüdülər - FOTO

8-08-2017, 19:23           
Bakıda “Niva” ilə qadını sürüdülər - FOTO
Bakıda “Niva” markalı avtomobil qadını sürüyüb.

Moderator.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Hövsanda, Elman Qasımov küçəsində qeydə alınıb.

Belə ki, iyulun 28-dən 29-na keçən gecə 10-XP-006 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü Bədəlova İlhamə Abdulla qızını sürüyüb. Nəticədə, 1975-ci il təvəllüdlü qadının bədəninin müxtəlif yerləri xəsarət alıb.

Açıqlama verən İlhamə Bədəlova hadisənin təfərrüatını danışmaqla yanaşı, işə polis tərəfindən düzgün qiymət verilmədiyini iddia edir: “Böyük qızım gəldi ki, sabah toya gedəcəm, rəfiqəmgildə qalmaq istəyirəm. Mən də icazə vermədim. Sonra dedi ki, çantam rəfiqəmin avtomobilində qalıb. Mən də dedim ki, gedib götürərəm. Nəqliyyat vasitəsinə yaxınlaşıb, çantanı götürəndə gördüm rəfiqəsi arxada, iki oğlan da qabaqda oturub. “Çantanı ver” deyəndə, oğlan avtomobili sürdü, pəncərəsindən asılı vəziyyətdə qaldım. Məni 10 metr sürüdü. Nəticədə yıxıldım, başım yerə dəydi. Başımdan qan açıldı.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları yaxınlaşdılar. Məndən avtomobilin nömrəsini soruşanda, dedilər ki, o “Niva” bayaqdan aşağı-yuxarı hərəkət edir, əcəlini axtarırdı. Türkan qəsəbəsi tərəfdə həmin şəxsləri həbs etdilər.

Xəstəxanadan çıxdıqdan sonra Suraxanı Rayonu Polis İdarəsinə yaxınlaşdım. Təhqiqatçı Taleh Cəfərov dedi ki, izahata qol çək. Mən də qol çəkmədim. Çünki hadisənin araşdırılması məni qane etmədi. Nəticədə hadisə ilə bağlı şikayət ərizəsi yazdım. İşimin yubadılması məni narahat edir. Deyirlər ki, tibbi ekspertiza hələ rəy verməyib. Halbuki ekspertizadan avqustun 1-dən keçmişəm. Daha sonra ekspertizadan keçdiyim yerə getdim, niyə rəy vermədiklərini soruşdum. Oradan da dedilər ki, polisdən sənəd gəlməmiş rəy yaza bilmərik. Qızımla da söhbət etmişəm. Deyir, rəfiqəmdən başqa avtomobildə olanları tanımıram. Sən demə, həmin vaxt nəqliyyat vasitəsini idarə edən də, onun yanında əyləşən də içkili olublar”.

Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Taleh Cəfərov, hadisənin qanun çərçivəsində, tam obyektiv şəkildə araşdırıldığını, buna uyğun da müvafiq addımlar atılacağını bildirib: “Rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət etmək vətəndaşın ixtiyarındadır. Hadisə 29 iyul 2017-ci ildə baş verib. Hələ hadisənin 20 gün araşdırma müddəti tamam olmayıb. Vətəndaş tibbi ekspertizadan keçib, amma hələ rəy alınmayıb ki, ona uyğun da addım ataq. Biz xəstəxanaya sorğu göndərmişik. Yəqin ki, 1-2 günə rəyi alıb, ona uyğun da hərəkət edəcəyik. “Niva”da olan şəxslər də polis nəzarətindədir. Qanun nəyi tələb edirsə, ona uyğun da tədbirlər görüləcək. Vətəndaşın özü də, vəkili də gəlib hadisənin gedişatı ilə maraqlana bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.