Zaqataladan Bakıya aparılan xəstə yolda dünyasını dəyişib

2-10-2017, 10:09           

Zaqatalada ocaq qalayan zaman ağır yanıq xəsarətləri alan 49 yaşlı kişi Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılarkən yolda ölüb.

teref.az-nun APA-ya istinadən verdiyi məlumatına görə, ağır yanıq xəsarətləri alan, Zaqatala rayonunun Sumaylı kənd sakini, 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov yaxınlarının köməkliyi ilə Respublika Yanıq Mərkəzinə aparılarkən yolda qəfildən vəziyyəti pisləşib. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları onu ən yaxın məsafədə olan Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparıblar. Qax MRX-dan APA-ya bildirilib ki, xəstəxananın qəbul şöbəsində həkim müayinəsi zamanı ağır yanıq xəsarətləri alan Rövşən Qurbanovun artıq öldüyü məlum olub.

Qeyd edək ki, Rövşən Qurbanov sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecə yaşadığı kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb. İlk öncə ağır yanıq xəsarətləri ilə Zaqatala MRX-nın reanimasiya şöbəsinə yerləşdirilən Rövşən Qurbanova bədənin müxtəlif hissələrinin 2 və 3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Diaqnozdan sonra xəstəni müayinə edən həkimlərin və Zaqatala MRX-nın rəhbərliyinin göstərişi ilə Rövşən Qurbanovun müayinə və müalicəsini davam etdirmək üçün Respublika Yanıq Mərkəzinə göndərilməsinə qərar verilib.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, mərhum Rövşən Qurbanov Qaxda xəstəxananın qəbul şöbəsinə daxil olan zaman onun yanında təkcə yaxınları olub, xəstəni müşayiət edən həkim və yaxid hər hansı bir tibb işçisi olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.