Şeyxin qudasından "rekord" - 36-cı dəfə Ümrə ziyarətinə gedir
27-01-2018, 14:07
Yaxın günlərdə Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə növbəti Ümrə ziyarətinə yollanacaq. Bu barədə “Ölkə.Az”-a Hacı Qalib Salahzadə özü məlumat verib.
Qalib Salahzadə bildirib ki, bununla Ümrə ziyarətinin sayı 35-i ötəcək:
“Mən Həcc və Ümrə ziyarətində çox olmuşam. Elə vaxt olub ki, bir gündə Məkkə və Mədinəni ziyarət edib Bakıya qayıtmışam. İnşallah bu dəfə də gedib Allah evini ziyarət edəcəm. Ziyarət zamanı həbsdə olan oğlumun da azadlığa çıxması üçün Allaha dua edəcəm”. Xatırladaq ki, Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə 2017-ci il dekabrın 20-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da bildirək ki, Əlihüseyn Salahzadə 2017-ci il sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib.
O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Əlihüseyn Salahzadə “Azərsu” ASC-nin əməkdaşına zor tətbiq etməkdə ittiham edilir.