Bəhruz Hacıyevin ölümünə görə polislər cəzalandırıldı - proses prezidentin nəzarətində -Rəsmi
22-08-2015, 22:53
Mingəçevir şəhər sakini Bəhruz Hacıyevin ölümünə görə polis rəisi də daxil, bir qrup polis cəzalandırılıb. Musavat.com xəbər verir ki, bu barədə rəsmi yayılan bülletendə bildirilir:
"Xəbər verildiyi kimi, avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş vətəndaş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanılmış və istintaq aparılır.
Müəyyən edilmişdir ki, həmin orqanın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda, tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Bədəlova "şiddətli töhmət" elan olunub.
Baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur".