Dünən gecə məktəb direktoru özünü asmaq istəyib-Sabirabadda
5-09-2015, 21:33
İki gün öncə virtualaz.org saytı Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayevanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə xəbər yaymışdı.
Xəbərdə deyilirdi ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.
Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş. Hətta adına kredit götürülmüş Minarə adlı müəllimə əsəb sarsıntısından bir neçə gün əvvəl dünyasını dəyişib.
İddialara görə, müdhiş kredit qalmaqalında keçmiş məktəb direktoru ilə yanaşı başqa vəzifəli şəxslərin də adı keçir.
Mənbə onu da bildirib ki, Diləfruz Mustafayeva haqqında cinayət işi başlandığı üçün o, bir neçə gün əvvəl məktəb direktoru vəzifəsindən azad olunub.
Bu gün mötəbər mənbədən Qafqaznews.az-a daxil olan məlumata görə, dünən D.Mustafayevanın ailə üzvləri onunla görüşmək istəsələr də bu mümkün olmayıb.
Mənbə onu da bildirib ki, Diləfruz Mustafayeva ultimativ şəkildə söyləyib ki, əgər məni həbs etsələr rayondakı 2 mühüm vəzifəli şəxsin adını çəkəcəm.
İndicə Qafqaznews.az-a daxil olan məlumata görə, dünən gecə məktəb direktoru özünü asmağa cəhd edib. Və o öz qardaşına deyib ki, əgər həmin şəxslər məni burdan qurtarmasa özümü asacam.
Məsələ ilə bağlı Sabirabad rayon təhsil şöbəsinin müdiri Elman Bünyadovla danışmağa cəhd eləsək də mümkün olmadı.