Şərlənərək həbs edilən iş adamı azadlığa buraxıldı
11-09-2015, 16:54
«Ailəm, bütün nəslimiz adından cənab prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm»
Şərlənərək həbs olunan iş adamı Müqayis Verdiyev azadlığa buraxılıb. Dünən Gəncə Şəhər Apellyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə iş adamının apellyasiya şikayətinə baxılıb. Məhkəmə Müqayis Verdiyevə bəraət verib və o məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, M.Verdiyevə qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (mənimsəmə) maddələri ilə ittiham irəli sürülərək barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilmişdi. Azadlığa qovuşan tanınmış iş adamı ilk təəssüratlarını «Gündəlik Bakı» ilə bölüşdü: «İnanırsınız, sevincimin həddi-hüdudu yoxdur. Çoxdandır bu günü gözləyirdim.
Mənim kimi qurub-yaratmaq eşqi ilə yanıb-alışan insanın yeri həbsxana deyildi. Amma nə edək, yəqin bu da Allahın bir sınağı idi. Mən ilk növbədə Azərbaycanın prezidenti, ölkə vətəndaşlarının qarantı olan cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Onun daha da gücləndirdiyi ölkəmizin ədliyyə, məhkəmə sisteminə əvvəldən axıra kimi inanırdım. Bilirdim ki, məhkəmə hakimiyyəti şəffaf prinsiplər üzərində qurulub. Məhkəmə bu inamımın boş yerə olmadığını göstərdi. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Mənim kimi Vətənini, dövlətini, onun prezidentini sevən adamların sayı azdır. Hər zaman ümummilli liderimiz Heydər Əliyevin siyasətini dəstəkləmişəm. İndi isə onun layiqli davamçısı, Azərbaycanı dünyada layiqincə tanıdan, regionda lider dövlətə çevirən İlham Əliyevin siyasətini dəstəkləyirəm.
Ailəm, bütün nəslimiz adından cənab prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Allah onların ömrünü uzun, canlarını sağ eləsin. Ölənə qədər onlara minnətdar olacam. Ailə üzvlərim və mən cənab prezidentə, onun xanımına müraciət etmişdik. Həmin müraciətlərə ən yüksək səviyyədə cavab verildi. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti həmişə olub, bundan sonra da olacaq. Çünki bizim İlham Əliyev kimi rəhbərimiz var. Mən özümü onun əsgəri hesab edirəm. Cənab prezidentin bütün tapşırıqlarını canla-başla yerinə yetirməyə hazıram. Ölkə başçısı mənim rayonlarda apardığım abadlıq işləri ilə yaxından tanış olub və bir neçə dəfə buna görə mənə öz təşəkkürünü bildirib. Bundan sonra da prezidentin etimadını doğrultmağa çalışacam. Ölkə başçısı sahibkarlığın inkişafı üçün gözəl zəmin yaradıb. Bu gün iş adamlarının rahat və sərbəst fəaliyyət göstərə bilmələri üçün hər cür şərait var. Biz hamılıqla Azərbaycanın daha da irəli getməsi və inkişafı üçün səy göstərməliyik. Mən həmçinin işimə düzgün baxan və ədalətli qərar çıxaran Gəncə Apellyasiya Məhkəməsinin rəhbərliyinə, hakim Rəşid Məhərrəmliyə minnətdarlığımı bildirirəm. Onlar əsl ədalət, qanun keşikçiləridir. Neçə müddət idi həbsdə idim, bəzi işlərim yarımçıq qalmışdı. Şükürlər olsun ki, indi azadlıqdayam. Yenə də ölkəmizin rayonlarının abadlığı istiqamətində işlərimi davam etdirəcəm. Mən dövlətimizi və onun prezidentini hər şeydən çox istəyirəm. Dövlətimə, ölkə başçısına görə lap canımı da qurban verməyə hazıram. İnanıram ki, Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında bundan sonra da daha böyük uğurlara imza atacaq. Mənim indi bir arzum var, o da doğma torpaqlarımızın işğaldan azad olunmasıdır. İlham Əliyev cənabları güclü ordu formalaşdırıb. Ali Baş Komandan doğma torpaqlarımızın qaytarılması istiqamətində böyük işlər görəcək. Buna hər birimiz inanırıq.
Bu yaşıma baxmayaraq, Ali Baş Komandan əmr verəcəyi təqdirdə mən də düşmənə qarşı vuruşa bilərəm. İçimdə Vətənə qarşı sonsuz sevgi var. Bu Vətən bizim canımızdır, qanımızdır. Biz həm Vətənimizi, həm də prezidentimizi göz bəbəyimiz kimi qorumalıyıq. Allah İlham Əliyevi Azərbaycan xalqına çox görməsin. O dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasətini layiqli şəkildə davam etdirir. Bu işdə cənab prezidentə uğurlar arzulayıram. Hər zaman onu dəstəkləyəcəm. Mən həmçinin «Gündəlik Bakı» qəzetinə, onun rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımı bildirirəm. Sağ olun ki, həbsdə olduğum müddətdə məni tək qoymadınız. Vəkillərim vasitəsilə etdiyim müraciətləri dərc etdiniz. Allah sizləri qorusun. Öpürəm hər birinizi». Sonda biz də öz növbəmizdə Müqayis Verdiyevə və onun ailəsinə göz aydınlığı veririk. İş adamının bəraət alması ölkəmizdə məhkəmə hakimiyyətinin mükəmməl səviyyədə təşkil edildiyini bir daha göstərdi.