Cüdo üzrə millimizin baş məşqçisi ölkədən qaçdı - TƏFƏRRÜAT

2-08-2021, 16:46           
Cüdo üzrə millimizin baş məşqçisi ölkədən qaçdı - TƏFƏRRÜAT
Bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Hurriyyet.az xəbər verir ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak edib.

Onu da qeyd edək ki, kişilərdən ibarət cüdo millimizin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan göndərilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq isə müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.


Bu arada, Hurriyyet.az-ın əldə etdiyi məlumatda kişilərdən ibarət cüdo millimizin baş məşqçinin artıq Azərbaycanı tərk etdiyi, daha doğrusu ölkədən qaçdığı deyilir. Həmçinin, redaksiyamıza verilən bilgidə bütün cüdoçuların maaşlarının azaldıldığı da qeyd olunur. Əslində, kişilərdən ibarət cüdo millimizdən bundan artıq "nəticə" gözləməyə dəyməz. Çünki Azərbaycan Cüdo Federasiyasının iş prinsipi, idmana və idmançılara yanaşma tərzi millimizin ciddi uğur əldə etməsinə imkan vermir. Bununla bağlı daxil olan məlumatda deyilir ki, adıçəkilən federasiyada az qala bütün məsələlər tanışlıq və tapşırıq əsasında həll olunduğundan, cüdo millimiz Tokio-2020 Yay Olimpiya Oyunlarında rüsvay oldu. Ümumiyyətlə, Azərbaycan Cüdo Federasiyasında kifayət qədər ciddi problemlər mövcuddur və tezliklə bununla bağlı geniş araşdırmamızı təqdim edəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.