Olimpiyada birincisinə 400 min manat mükafat veriləcək

18-07-2016, 23:08           
Olimpiyada birincisinə 400 min manat mükafat veriləcək
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında birinci yeri tutan idmançılara 400 min manat mükafat veriləcək.

Prezident İlham Əliyev bu gün bununla bağlı sərəncam imzalayıb.

Sərəncama görə, birinci olan idmançıların məşqçiləri isə 200 min manat alacaqlar.


İkinci yeri tutan hər bir idmançıya 200 min, məşqçisinə 100 min, üçüncü yeri tutanlara 100 min, məşqçilərinə isə 50 min manat mükafat veriləcək.

Ölkə başçısı paralimpiyaçılara veriləcək mükafatları da müəyyən edib. Paralimpiyaçılardan birinci yeri tutan 200 min, (məşqçi 100 min), ikinci yeri tutan 100 min (məşqçi 50 min), üçüncü yeri tutanlar isə 50 min (məşqçi 25 min) manat mükafat qazanacaq.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən 21-nə kimi keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına bu il Azərbaycandan 56 idmançı qatılır.

Bu gün prezident onların yolasalma mərasiminə də qatılıb.

2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına isə Azərbaycandan 53 idmançı getmişdi. Həmin idmançılardan 2-si qızıl, 2-si gümüş, 6-sı isə bürünc medal qazanmışdı. Onda da Azərbaycana medalla dönənlərə elə bu qədər pul mükafatı verilmişdi.

Qızıla görə dövlət mükafatı 400 min, gümüşə görə 200 min, bürüncə görə isə 100 min manat verilmişdi .Üstəlik, Azərbaycanın Milli Olimpiya Komitəsi də ən yüksək əyarlı mükafatı 200 min, gümüşü 100 min, bürüncü isə 50 min məbləğində dəyərləndirmişdi.

2014-cü ilin Soçi qış olimpiya oyunlarında isə Azərbaycan qızıl medala ən çox mükafat verən ölkə idi.

Ötən il ölkədə baş verən devalvasiyadan sonra Azərbaycan manatı dollar qarşısında 2 dəfə dəyər itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.