Traktor futbol komandasının Qəzvində keçirilən oyununda “türk dilində mədrəsə” şüarı səsləndirilib

19-03-2024, 16:24           
Traktor futbol komandasının Qəzvində keçirilən oyununda “türk dilində mədrəsə” şüarı səsləndirilib
İranın Premyer Futbol Liqası yarışları çərçivəsində martın 17-də Qəzvin şəhərinin "Şəms Azər" komandası ilə "Traktor" arasında matç keçirilib. "Traktor" "Şəms Azər"ə 2 cavabsız qolla qalib gəlib.

Sosial mediada paylaşılan video-görüntülərə görə, hər iki komandanın azarkeşləri birgə şüarlar səsləndirib. Qəzvində keçirilən matçda hər iki komandanın azarkeşləri "yaşasın Azərbaycan" və "türk dilində mədrəsə olmalıdır hər kəsə" şüarlarını birgə səsləndiriblər.

Traktor komandasının bütün oyunlarında səslənən başqa bir şüar - “Azərbaycan var olsun istəməyən kor olsun” şüarı da həmin matçda səsləndirilib.

Qəzvinin stadionunda keçirilən futbol matçında qadın tamaşaçıların da stadiona daxil olmasına icazə verilib.

Qəzvinin “Şəms Azər” futbol komandasının azarkeşləri “Traktor” komandasının azarkeşlərini şəhərlərinə gəlişləri ilə bağlı şüarlar səsləndirərək xoş qarşılayıblar.

İki komandanın qadın azarkeşlərinin stadionda olması sosial mediada bir çox istifadəçinin diqqətini çəkib. Stadionda hər iki komandanın qadın tamaşaçılarının birlikdə ana dilində təhsil hüququ haqqında şüarlar səsləndirməsi sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

Təxminən 40 il İslam Respublikası qadınların kişilərin futbol matçlarına baxmaq üçün stadionlara daxil olmasını qadağan etmişdi.

Lakin FİFA-nın gender ayrı-seçkiliyinə qarşı prinsiplərə riayət edilməsi ilə bağlı bir neçə dəfə İran Futbol Federasiyasına xəbərdarlıq etməsindən sonra qadınların bəzi stadionlara daxil olmasına icazə verilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.