Dünya futbol mafiyası - Həbslr və gözlənilən sensasiyalı adlar

27-05-2015, 20:23           
Dünya futbol mafiyası - Həbslr və gözlənilən sensasiyalı adlar
Bu gün səhər İsveçrənin Sürix şəhərində, dəbdəbəli “Baur Au Lac” otelində həyata keçirilən həbslər bütün dünyanın diqqətini FİFA-da on illərdir hökm sürən korrupsiyaya yönəldib.

Virtualaz.org saytı xəbər verir ki, dünya futbolunun FİFA prezidentini seçmək üçün Sürixə toplaşan yüksək vəzifəli şəxslərinin qəfil həbsi beynəlxalq idman ictimaiyyətində şok effekti yaradıb.

Lakin bu həbslər təkcə idman ictimaiyyətini maraqlandırmır, həm də siyasi hadisədir. Çünki FİFA rəhbərliyində kök salmış dərin korrupsiyanın arxasından siyasətçilərin də çıxacağına heç bir şübhə yeri yoxdur.

Xəbər verildiyi kimi, İsveçrə polisi həbsləri ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sorğusu əsasında həyata keçirib. Polis həbs olunacaq şəxslərin oteldə qalacaqları otaqları əvvəlcədən müəyyənləşdirib və açarların bir nüsxəsini götürüb.

Səhər açılan kimi qonaqları qaldıqları oteldə qəfil haqlayan polis həmin açarlarla otaqları açaraq həbsləri həyata keçirib.

“Baur Au Lac” oteli

Həbs olunanlar arasında FİFA-nın vitse-prezidentləri və digər yüksək vəzifəli şəxsləri var.

Bu həbslərdən bir neçə saat sonra FİFA-nın Sürixdəki mənzil-qərargahında axtarış keçirilib və sənədlər müsadirə olunub.

ABŞ Ədliyyə Nazirliyinin hazırladığı ittiham aktında cəmi 14 nəfərin adı keçir. Onlar 24 il ərzində beynəlxalq futbolda korrupsiya sxemi yaradaraq rüşvət və mənimsəmə həyata keçiriblər.

Saxlanılanlar arasında vitse-prezidentlər Ceffri Uebb, Cek Uorner və Eyxunio Figueredo da yer alır. Sonuncu həm də Uruqvay Futbol Federasiyasının prezidentidir.

ABŞ-ın baş prokuroru Loretta Linç ittiham aktı ilə bağlı bəyan edib ki, FİFA-da sistemli, dərinə kök salmış korrupsiya hökm sürür. Bu korrupsiya futbol məmurlarının iki nəslini əhatə edib.

“Baur Au Lac” oteli
Həbs olunanların sifəti jurnalistlərdən belə gizlədilib

“Onlar öz xidməti mövqelərindən sui-istifadə ediblər, göstərilən etimaddan istifadə edib on milyonlarla dollar rüşvət və “otkat” alıblar”- baş prokuror bildirib.

Loretta Linç bəyan edib ki, FİFA-nın fəaliyyətində qanunsuz ödəmələri, rüşvət və “otkat” sxemini nümayiş etdirən dəlil-sübutlar var.

İsveçrə Ədliyyə Nazirliyinin rəsmisi Falko Qalli isə “NBC News” agentliyinə bildirib ki, korrupsiya ittihamları ABŞ və Latın Amerikası ölkələrində keçirilən turnirlərlə bağlıdır.

ABŞ Baş Prokurorluğu təsdiq edib ki, Birləşmiş Ştatlar və Cənubi Amerika futbol rəsmiləri beynəlxalq futbol turnirlərində korrupsiyaya yol verərək rüşvət və “otkat” şəklində 150 milyon dollar əldə ediblər. Pullar Amerika bankları üzərindən “yuyulub”.



İndi bütün diqqətlər bu korrupsiya həbslərinin FİFA prezidenti Yozef Blatterə də çata biləcəyinə yönəlib. İsveçrə qəzetlərindən biri yazır ki, futbolun “qaranlıq şahzadəsi” olan Blatterin 20 ildən çoxdur FİFA-da hökm sürən bu korrupsiyadan xəbərsiz ola bilməzdi.

Jurnalistlər Blatteri futbol mafiyasının “xaç atası”, yaxud “don Blatterone” adlandırırlar. Lakin hələlik onun korrupsiya sxemində şəxsən iştirakına dair hər hansı dəlilin mövcud olduğu məlum deyil.

Yozef Blatter

ABŞ prokurorluğunun apardığı istintaqdan əlavə İsveçrə prokurorluğu bu gün elan edib ki, 2018 və 2022-ci illər dünya çempionatlarının keçiriləcəyi ölkələrin seçilməsi ilə bağlı korrupsiya iddiaları əsasında cinayət işi qaldırıb.

İsveçrə Baş Prokurorluğunun ofisi bildirir ki, FİFA rəhbərliyinə dair pulların yuyulması, rüşvət və cinayətkarcasına məsuliyyətsizlik şübhələri üzrə araşdırma aparılır. Bu iş üzrə 10 nəfər dindirilir.

İsveçrə mətbuatı yazır ki, Yozef Blatter ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən FİFA rəhbərliyinə qarşı təhqiqatın aparılmasından xəbərdar idi və 4 ildən çoxdur ki, həbs olunacağından ehtiyat edərək bu ölkəyə getmirdi.

Qeyd edək ki, mayın 29-da Surixdə FİFA-nın illik toplantısında növbəti prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda indiki prezident Blatter də mübarizə aparacaq. Əgər seçilsə, bu, onun dalbadal 5-ci müddəti olacaq.

Prezidentlik uğrunda İordaniya kralı Kral Hüseyn, Niderland Futbol İttifaqının rəhbəri Mişel van Praag və keçmiş portuqaliyalı futbolçu Luiş Fiqu da mübarizə aparacaq. Sürixdəki həbslərdən sonra Blatterin hansı sifətlə yenidən FİFA-ya başçılıq edəcəyi sual doğurur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.