Təbrizin “Traktor” futbol klubunun vacib matçını izləmək üçün qadın tamaşaçılara 1000 bilet ayrılıb
Bu gün, 11:24

İran pro-liqa oyunlarının 21-ci həftəsinin ən kritik matçında 20-ci həftəni birinciliklə bitirən Təbrizin “Traktor Azərbaycan” komandası cümə axşamı günü cədvəlin ikinci pilləsində olan İsfahanın “Sepahan” komandası ilə qarşılaşacaq.
İran mətbuatı çərşənbə günü Təbrizin Səhənd Stadionunda keçiriləcək matçla bağlı “qadın tamaşaçılar probleminin çözüldüyünə” dair məlumat yayıblar.
Yarı-rəsmi Tasnim agentliyinin “Traktor” klubuna istinadən yaydığı məlumata əsasən, “Şərqi Azərbaycanın hörmətli valisinin dəstəyi ilə qadın tərəfdarların Traktor-Sepahan matçını tamaşa etməsinə icazə çıxıb. Qadınlara nəzərdə tutulmuş yerlər üçün 1000 bilet satılacaq.”
Keçən günlərdə qadın azarkeşlərin matçı izləməsinə “məsullar tərəfindən icazə verilməməsi” ilə bağlı açıqlama etirazlara səbəb olmuşdu.
Təbriz stadionunun tutumu təqribən 70 min nəfər olsa da, xüsusilə də kritik matçlar zamanı stadiona daxil olan tamaşaçı sayısı bu rəqəmin xeyli üstündə olur.
Fevralın 27-də keçiriləcək oyun hər iki komanda üçün olduqca önəmlidir və liqanın liderini müəyyən edəcək.
Təbriz şəhərinin komandası Sepahan-dan cüzi fərqlə turnir cədvəlinin zirvəsində yerləşib. Traktor qalib gəlib və ya oyunu bərabərə sonlandıraraq liderliyini qoruyacaq, ancaq İsfahan şəhərinin komandası yalnız Traktoru məğlub edərək liderliyi əldə bilər.