Kürd idmançıdan növbəti açıqlama:"Fəxr edirəm ki, ..."

12-06-2015, 10:35           
Kürd idmançıdan növbəti açıqlama:"Fəxr edirəm ki, ..."
Kürd bayrağıyla yarışa çıxdığına görə son günlər tənqid olunan dördqat dünya çempionu Anar Süleymanov baş verənlərə aydınlıq gətirib.

Ölkə.az xəbər verir ki, idmançı baş verənləri və idman geyiminin üzərində kürd bayrağının olmasını belə izah edib:

"Son zamanlar mənim haqqımda döyüşə kürd bayrağıyla çıxmağımla bağlı qara piar aparılır. Ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirəm ki, haqqım yeyilməsin Bildiyimiz kimi Azərbaycanda hər zaman çoxsaylı millətlər yaşayıb-kürd, talış, tatar və sair. Nəzərinizə çatdırıram ki, bu yarış ötən il istirahət mərkəzlərinin birində keçirilib. Yarışda mənə azarkeşlik etmək üçün Laçın rayonunun kürd əsilli kəndlərindən-Kamallı və Minkənddən olan həmkəndlilərim gəlmişdilər. Həmin idman geyimi mənə həmkəndlilərim tərəfindən hədiyyə gətirilmişdi. Fikir verin, orada geyimin sol tərəfində Azərbaycanın, sağ sinədə isə kürd millətinin bayrağı yer alıb. Çoxları bunu siyasi təbliğat adlandırsa da, bu belə deyil. Demək istədiyim o olub ki, Azərbaycanda yaşayan kürdlər bu dövləti sevərək, bayraqlarının Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı olmağından qürur duyurlar. Buna əsl qardaşlıq demək olar. Həmin döyüşdən əvvəlki və sonrakı bütün döyüşlərimdə üçrəngli bayrağımızı çiynimdə gəzdirmişəm. Təəssüf edirəm ki, bəzi insanlar bu cür gözəl yanaşmanı başqa şəkildə çatdırırlar. Mətbuat vasitəsilə o insanlara səslənib demək istəyirəm ki, siz də mənim kimi Azərbaycanı bütöv görün, bölgələrə ayırmayın. Çalışaq, boş yerə ortaya nifaq salmayaq. Fəxr edirəm ki, Azərbaycanda yaşayan kürd millətinin övladıyam, Azərbaycanımla da fəxr edirəm".
P.S. teref.az olaraq bildirmək istəyirik ki, Minkənd heç də Arif Süeleymanov deyən kimi kürd kəndi deyil. Qaldı kürd bayrağı, nə zamandan teroristlərin bayrağı dövlət bayrağı ilə eyni tutulur və şərəfini qoruduğun bir dövlətin bayrağı ilə sinəyə vurulur. Burası Azərbaycandır və hər bir millət burda Azərbaycan vətəndaşıdır. Ancaq Azərbaycanın bir bayraqı, bir gerbi var!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.